İranın əxlaq polisinin həbs etdiyi qadın həyatını itirdi - AİLƏSİ İŞGƏNCƏ VERİLDİYİNİ DEYİR

  • By admin
  • 17 Sentyabr 2022 11:32

İranda hicab qaydalarına əməl etmədiyi iddiası ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini adlı qadın həyatını itirib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə İran polisi məlumat yayıb.

Rəsmi məlumatda iddia olunur ki,  Əmini sentyabrın 13-də qəfildən “ürək xəstəliyindən” əziyyət çəkdiyi üçün Tehrandakı əxlaq polisi idarəsindən “təcili” xəstəxanaya yerləşdirilib.

Dövlət televiziyası Amininin ölüm xəbərini təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.

Bildirilib ki, Əmini hicabla bağlı “maarifləndirmək üçün” aparıblar və saxlanarkən onun vəziyyəti pisləşib.

İran prezidenti İbrahim Rəisi Əmininin komaya düşməsindən sonra daxili işlər naziri Əhməd Vahidiyə rəsmi araşdırma aparılması barədə göstəriş vermişdi.

İslahatçı siyasətçi Mahmud Sadeqi məsələyə aydınlıq gətirilməsini tələb edib.

Sosial şəbəkələrdə Əmininin əxlaq polisi tərəfindən döyülərək işgəncələrə məruz qaldığı və buna görə də komaya düşdüyü yazılıb. Ölkədə hicab tələbinə etiraz edilib.

Polis ittihamları rədd edib.

IranWire xəbər saytı həbsdə olan Amini ilə birlikdə olan Kiaraşın ifadələrini dərc edib.

Kiaraşın sözlərinə görə, o, bacısı ilə magistral yolun kənarında olarkən əxlaq polisinin maşını onların yanında dayanaraq Əmini saxlayıb. Ona bildiriblər ki, bacısı bir saatlıq “məşq”dən sonra buraxılacaq.

Aminin ailəsi qızlarının sağlam qadın olduğunu və onun qəfil ürək probleminə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını bildirib.

İranda bir neçə aydır hicab etirazları davam edir və fəallar hicab taxmaqdan imtina edirdilər.

 

Gununsesi.info