İnsanı günahdan çəkindirən amillər…

  • By turana
  • 09 Yanvar 2021 11:00
İnsan əmmarə nəfsə malik olduğu üçün xətaya, hətta günah etməyə meyillidir. Bəs nə edək ki, günahdan uzaq olaq?

1. Allahın nəzərində olmasının fərqinə varmaq. İnsan əgər imana malik olarsa yaxşı bilər ki, Allah onun hər bir əməlinə nazirdir. Bu səbəbdən günahdan uzaqlaşar və günah etməyə cürət etməz.

2. Məsumların (ə) insanların əməllərindən agah olmasını bilmək. Biz gərək bilək ki, hansı əməli yerinə yetiririksə, həmin əməl haqqında Məsumların (ə) məlumatı olur. Ya əməllərimizə görə fəxr edirlər, ya da məyus olurlar. Onlar bizim əməllərimizdən agah olan insanlardırlar.

Əgər İmam Zaman ağanı (ə.f) məyus etmək istəmiriksə, o zaman gərək elə əməllər yerinə yetirək ki, İmamı (ə.f) şad etsin və bizi günahdan uzaq saxlasın.

Çünki Məsumları (ə) məyus edən – bizim günahlarımızdır. Əgər günah etməsək, onları sevindirmiş olarıq.

3. İnsanın öz keçmişindən və indiki halından agah olması. Öz əməllərimizi bizdən yaxşı tanıyan yoxdur. Yaxşı bilirik ki, keçmişdə nə etmişik və indi nə etməkdəyik. Ona görə də bir qədər təfəkkür etsək, günahlarımıza görə tövbə edər və günahdan uzaq olarıq. Məhz təfəkkür etmək bizi qəflətdən ayıldar və insan olduğumuzu bizə xatırladar.

4. Qiyamət günü bədən üzvlərimiz şəhadət verəcəkdir. İnsan əgər bilsə ki, Qiyamət günü bütün bədən üzvləri onun əlehyinə şəhadət verəcəkdir, o zaman günahdan uzaq olar. Çünki bu həqiqəti dərk edən insan, Qiyamət günü xar olmaqdan çəkinər.

5. Diqqətli namaz qılmaq, insanı günahdan saxlayar. Namaz elə bir ibadətdir ki, gündə beş dəfə bulaqda yuyunmaq kimidir. Hər kim namazı diqqətlə qılarsa, gündə beş dəfə günahlarından yuyunar və paklanar.

 

Gununsesi.info