
“Beynəlxalq ictimaiyyət Ermənistanın illər ərzində törətdiyi bu vəhşilikləri öz gözləri ilə görməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da diplomatik korpusun nümayəndələrinin və hərbi attaşelərin Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində jurnalistlerin suallarını cavablandırarkən deyib.
H.Hacıyev qeyd edib ki, diplomatların və hərbi attaşelərin işğaldan azad olunan ərazilərimizə səfərini faktaraşdırıcı missiya olaraq da qiymətləndirə bilərik:
”Dipomatiyada belə bir praktika var ki, hər bir səfir, diplomat gördüyü və iştirak etdiyi tədbirlər barəsində öz ölkəsinə raportlar hazırlayır. Diplomatik kanallar bu barədə öz ölkəsinə bildirir. Ona görə də səfirlərin və diplomatların buraya səfər etməsi çox vacibdir. Bir məqam var ki, dövlətlər bu məlumatları media vasitəsilə və ya başqa açıq mənbələrdən əldə edirlər, digər bir məqam isə onlar şəxsən öz gözləri ilə bunu görürlər, qeydlərini aparırlar. Bu, özlüyündə faktaraşdırıcı missiya kimi də qiymətləndirilir. Yəni diplomatik korpusun nümayəndələri öz gözləri ilə gördüklərini ölkələrinə düzgün, dolğun formada çatdırırlar”.
Gununsesi.info