
2021-ci ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə kəskin isti hava şəraitində işçilərin sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu bildirilən hər hansı vətəndaş müraciəti daxil olmayıb.
Gununsesi.info xəbər verir ki,bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı bildirib.
A.Osmanqızı deyib ki, əmək hüquqları pozulan şəxslər müxtəlif vasitələrlə Xidmətə müraciət edə bilərlər:
“Əmək hüquqları pozulan vətəndaşlar Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx@sosial.gov.az), sosial şəbəkələr vasitəsilə və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Müraciətlər “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavablandırılacaq”.
Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Məcəlləyə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarına görə, ölkəmizdə bəzi günlərdə temperatur 44 dərəcəyədək yüksəlib.