
Yay mövsümü, üstəgəl dünyada, eləcə də ölkəmizdə karantin qaydalarının nisbətən yumşaldılması xaricə üz tutan vətəndaşlarımızın sayına təsir göstərib. Kimi iş dalınca gedir, kimi istirahətə, kimi də müalicəyə…
Təbii ki, xaricə yola düşənlər son 72 saatda COVID-19 testindən keçdikləri barədə sənəd təqdim etməlidirlər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarına əsasən, Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində aviadaşıyıcı tərəfindən tənzimlənir.
Qeyd edək ki, PCR testinin verilməsi üçün ayrılan tibb müəssisələrində həm dövlət, həm də özəl xəstəxanalar var.
Hazırda özəl klinika və laboratoriyalarda koronavirus (COVID-19) testindən keçməyin qiyməti 80-110 manat arasında dəyişir.
Test üçün müəyyənləşdirilən dövlət tibb müəssisələrində isə “COVID-19 arayışı” almaq 40 manata başa gəlir.
Özəl xəstəxanalar daha bahalı xidmət göstərdiyi üçün vətəndaşlar dövlət xəstəxanalarına üz tuturlar. Nəticədə dövlət xəstəxanalarında “məsafə saxlayın” tələblərinə riayət etmək müşkülə çevirilir.
Yəni dövlət xəstəxanalarında test vermək üçün gələnlərin qeydiyyatına ayrılan yerdə hər gün basabas müşahidə olunur. Qeydiyyat bölməsində 1 və ya 2 nəfər işçinin əyləşməsi test verməyə gələnlərin saatlarla növbə gözləməsinə səbəb olur. Növbələrin tənzimlənməməsi isə bəzən dava-dalaşın yaranması ilə nəticələnir. Vətəndaşlar deyirlər ki, mübahisələr bəzən o həddə çatır ki, tibb müəssisəsinə polis belə çağırılır.
Bir sözlə, əsas problem test verməyə gələnlərin qeydiyyatını aparanların azlığı ilə bağlıdır. Bəs həmin işçilərin sayını artırmaq olmazmı?
Gununsesi.info xəbər verir ki, Modern.az-ın bununla bağlı sorğusunu hələ ki Səhiyyə Nazirliyinin müvafiq şəxsləri cavablandırmayıblar.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib ki, yumşalmalar və turizm mövsümü ilə əlaqədar xaricə gedənlərin artacağı əvvəlcədən nəzərə alınmalı idi:
“Mövsümlə əlaqədar xaricə gedənlərin sayında artım var. TƏBİB və Səhiyyə Nazirliyi turizmi nəzərə alaraq, dövlət xəstəxanalarında test məntəqələrinin sayını əvvəlcədən artırmalı idi. Çünki testlər əsasən daha böyük tibb müəssisələrində götürülür. Hazırda yaranmış sıxlığın aradan qaldırılması üçün ərazi üzrə poliklinikalarını da bu işə cəlb etmək olar”.
Deputat özəl klinikalara koronavirus testinin qiymətinin hamı üçün əlçatan olması ilə bağlı çağırış da edib:
“Qanunvericiliyə görə, dövlət özəl müəssisənin işinə müdaxilə edə bilməz. Orada çalışanlar azərbaycanlıdırlar və Azərbaycan vətəndaşıdırlar. Bundan irəli gələrək, mən bir deputat kimi tövsiyə edirəm ki, heç olmasa yay mövsümündə COVID-19 testini ucuzlaşdırsınlar. Bu xahişim isə özəl sahəyə müdaxilə kimi qiymətləndirilməməlidir”.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”nın xüsusi reysləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşmək üçün sərnişinlər Azərbaycanda yerləşən, adları aşağıda qeyd olunmuş klinika və laboratoriyalarda koronavirus (COVID-19) testindən keçə bilərlər.
Şirkət yalnız PCR testi əsaslı arayışları qəbul edir:
Referans Laboratoriyası, “Leyla Medical Center” Klinkası, Memorial Klinikası, “Bona Dea” Xəstəxanası, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, 1 nömrəli Şəhər Poliklinikası, 10 nömrəli Şəhər Poliklinikası, 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Caspian International Hospital, Sağlam Ailə” Ultralab Mərkəzi, Gəncə şəhərində: Azərbaycan bayrağı küçəsi, İNCİ Laboratoriyası, İNCİ Laboratoriyaları Gəncə filialı (Yeni Gəncə Tibb Mərkəzi), Baku Clinic (Bakı filialı), Baku Clinic (Sumqayıt filialı), Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, Oksigen Klinik Хəstəxanası, “Mediluks-1” MMC , EGE HOSPITAL MMC, “Medikus” klinikası, “Diaqnoz” Tibb Mərkəzi, Nəsrəddin Tusi adına klinika, “Modern Hospital” MMC, Respublika Diaqnostika Mərkəzi, Bioloji Təbabət Klinikası, “Horev” MMC , Buta Clinic.