
Goranboyun Kələk kəndində 45 gündür 70-ə yaxın sakin susuzluqdan əziyyət çəkir. Buna səbəb həm içməli, həm də suvarma suyu üçün istifadə olunan subartezian quyusunda yaranan nasazlıqdır.
İsti yay günlərində sakinlər içməli su əldə etmək üçün bir neçə kilometr yol qət etməli olurlar. Həyətdə becərdikləri ağacları isə suvarmaq mümkün olmadığından artıq meyvələr quruyub tökülür.
Kələk kəndinin sakinləri deyir ki, quyuda qum uçqunu olduğundan mühərrik sıradan çıxıb, onu yenisi ilə əvəzləmək üçün onlara 50 tonluq kran lazımdır. Bunun üçün aidiyyəti qurumlara üz tutsalar da, hələ ki, onlara yardım əlini uzadan olmayıb.
İsti iqlimi ilə seçilən Goranboyda yay aylarında suya olan tələbat daha da artır. Kələk kəndində daha bir artezian quyusundan çıxan su isə mühərrikin gücündən qat-qat az olması ilə diqqət çəkir.
Kələk kəndində yaranan mövcud vəziyyətlə bağlı Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi bildirib ki, həmin kənddəki artezian quyusunda yaranan nasazlığı aradan qaldırmaq üçün qonşu rayonlardan texnika cəlb ediləcək.