
Füzuli rayonunda “Heydər Əliyev İli” çərçicəsində tədbirlərə start verilib. Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Rayon İcra Hakimiyyətinin binasında keçirilən tədbirdə RİH-nin və YAP Füzuli rayon təşkilatının əməkdaşları, eləcə də rayon ziyalıları iştirak edib.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərimizin, eləcə də 20 yanvar qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Füzuli RİHB-nin müavini, Sosial – iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Teymurov Heydər Əliyevin hakimiyyətə gəlişi, xalqımızı yaranmış təhlükələrdən qoruması, Azərbaycan həqiqətlərini dünyaya çatdırması barədə geniş məlumat verib. Vüqar Teymurov 20 yanvar hadisələrinə ilk siyasi, hüquqi qiymətin məhz Heydər Əliyev tərəfindən verildiyini bir daha diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər ziyalılar da Ulu Öndərin Azərbaycan tarixində müstəsna xidmətlərindən, Azərbaycanın müstəqilliyi, Azərbaycan xalqının firavanlığı naminə yorulmaz fəaliyyətindən söz açıblar.


