
Fransanın “Le Monde” qəzeti yazıb ki, Makronun Ukraynaya qoşun yeritməklə bağlı ritorikası Qərbin oradakı hərbi mövcudluğunu ortaya çıxarıb.
Gununsesi.info xəbər verir ki, “Le Monde”un yazdığına görə, Fransa, ABŞ və Böyük Britaniyanın Ukraynada hərbi təlim və məsləhət adı altında fəal şəkildə fəaliyyət göstərən bir çox hərbi və kəşfiyyat mərkəzləri var.
Bu həftə paytaxt Parisdə Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Ukraynaya dəstək konfransının yekun nitqində “Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə lazımdırsa edəcəklər və bu məqsədə çatmaq üçün Ukraynaya qoşun göndərmək də daxil olmaqla, hər şey masadadır” ifadəsi orada hərbi mövcudluğu olan Qərb ölkələrini narahat edib.
Xəbərə görə, hazırda Ukrayna ərazisində müxtəlif birləşmələrə bağlı çoxlu Qərb ünsürləri var. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Ukrayna ordusuna dəstək olmaq üçün bəzən birbaşa hərbi ünsür və ya məsləhətçi, bəzən də müxtəlif adlar altında hərbi təlim keçirən bölmələr göndərir.
Adı açıqlanmayan ukraynalı diplomatik mənbə “Onlar tam döyüş birləşmələri olmasa da, bütün müttəfiq dövlətlərin kəşfiyyat bölmələri Ukraynada fəaliyyət göstərir” deyərək bu vəziyyəti təsdiqləyib. Sözügedən mənbə bildirib ki, ölkəsinə hərbi texnikanın göndərilməsi bu texnikanın istifadəsi üzrə təlim keçirəcək bölmələrin də göndərildiyini təsdiqləyir və Ukrayna bu texnikanın sınaq meydançası kimi görünür.
“Le Monde” yazır ki, Makronun açıqlamalarına ən şəffaf cavab verən İngiltərə olub.
Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü fevralın 26-da verdiyi bəyanatda orduya dəstək üçün Ukrayna ərazisində az sayda hərbi element saxladıqlarını bildirib.
İngiltərə Hərbi Dəniz Qüvvələrinin sabiq generalı Robert Maqovan 2022-ci ilin sonunda “Globe and Laurel” jurnalına verdiyi müsahibədə 350 İngilis əsgərinin 2022-ci ilin yanvar-aprel ayları arasında bu ölkədə siyasi və hərbi risklər daşıyan xüsusi əməliyyat keçirdiyini bildirib. Bu bəyanat London tərəfindən heç vaxt təkzib edilməyib.
Rusiyanın Krımı ilhaqı çərçivəsində 2014-cü ildə İngiltərə ilə Ukrayna arasında əməkdaşlıq nəticəsində Ukrayna ordusunda bir çox hərbi təlimatçı fəaliyyət göstərib. Le Monde qeyd edib ki, ABŞ Böyük Britaniyadan fərqli olaraq burada hərbi mövcudluğunu elan etməkdən çəkinib.
“New York Times” qəzetinin apardığı araşdırmada Ukraynada, xüsusən də Rusiya sərhədinə yaxın bölgələrdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 12 gizli bazası ola biləcəyi iddiası yer alıb. Araşdırmalara görə, burada MKİ-nin gizli bazalarının yaradılması 2014-cü ildə, Krımın Rusiya tərəfindən ilhaq edildiyi vaxtdan başlayıb.
İddia olunurdu ki, MKİ bu bazalar vasitəsilə Ukrayna ordusuna gizli hərbi əməliyyatlar keçirməyə şərait yaradıb. Paris administrasiyası üstüörtülü şəkildə Ukraynada yalnız Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) əməkdaşlarının olduğunu etiraf etsə də, sözügedən personalın sayı və ya vəzifələri barədə ictimaiyyətə açıqlama verməyib.
Fransa hakimiyyəti Ukrayna ərazisində hərbi qoşunlarının olmadığını iddia edərkən, Fransa Xüsusi Təyinatlı Qüvvələrinin Ukrayna əsgərlərinə, xüsusən də Polşada təlim keçdiyi və silahların daşınmasına nəzarət etdiyi bildirilib. Lakin xəbərə görə, Fransa rəhbərliyi Rusiyanı strateji çətinliyə salacağını düşünərək Ukraynaya hərbi qoşun göndərmək ideyasını nəzərdən keçirir.
Gununsesi.info