“Azərbaycan və Ermənistan arasında 8 avqustda paraflanmış sülh mətni, eləcə də orada əldə olunan müəyyən şifahi razılaşmalar vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin və etimadın formalaşmasının əsasını təşkil edir”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda olub, bu gün isə Ermənistandan nümayəndə heyəti Bakıya gəlib və tərəflər qarşılıqlı şəkildə müzakirələr aparıblar. Düşünürəm ki, proseslər bu istiqamətdə davam edəcək, lakin diplomatik münasibətlərin qurulması ilk növbədə yekun sülh müqaviləsinin imzalanmasından asılıdır. Əsas başlanğıc nöqtəsi məhz bu olacaq”.
Siyasi şərhçi qeyd edib ki, yekun sülh müqaviləsinə qədər isə bu cür səfərlərin həyata keçirilməsi tərəflər arasında etimad mühitinin yaradılmasına xidmət edir:
“Vətəndaş cəmiyyəti, QHT-lər və media nümayəndələri arasında etimadın formalaşması vacibdir. Növbəti mərhələdə diplomatik münasibətlərin bərpası və səfirliklərin açılması isə yalnız gələcək perspektivdə mümkün ola bilər”.
Bu səfər 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.
Şəbnəm Rəhimova













