“Ermənilər Türkiyə və Azərbaycanın uzanmış barış əllərini nəinki sıxmağa, öpməyə hazır olmalıdırlar…” - SABİQ NAZİR

44 günlük savaşda Azərbaycan ordusu tərəfindən sarsıdıcı zərbə alan Ermənistanda siyasi ehtiraslar səngimək bilmir. Baş verən məğlubiyyəti vətənə xəyanət kimi qiymətləndirən də var, Azərbaycanın bu ölkədən dəfələrlə güclü olduğu səbəbindən qeyri-bərabər döyüşdə məğlubiyyətin qaçılmaz olduğunu düşünənlər də. Artıq çoxları bundan sonra Ermənistanın taleyinin necə olacağı və ölkəni bu uçurumdan necə çıxarılmalı olduğu haqqında baş sındırır. Hamı anlayır ki, onsuz da beynəlxalq sanksiyalar girdabında çabalayaraq hər gün zəifləyən Rusiyanın quyruğundan sallanmaqla ölkəni səfalət və fəlakətdən xilas etmək mümkün olmayacaq və yeganə ağıllı addım bütün qonşularla, xüsusən də regionun ən qüdrətli dövləti olan Türkiyə ilə münasibətləri nizamlamaqdır. Amma necə? Təbii ki, ilkin şərt irəli sürmədən Ermənistan Türkiyə ilə əlaqə qurmaq istərdi. Amma Ankaranın buna getməyəcəyini də bilirlər. Türkiyə ona qarşı yersiz soyqırım və torpaq iddiası ilə çıxış edən, dövlət siyasətinin ana xəttini türklərə qarşı terror təşkil edən bir nankor qonşusu ilə əlaqələrini 28 il öncə, Kəlbəcərin işğalından sonra birdəfəlik kəsib. 

 

Elə bu işğalçı ölkə ilə münasibətləri yenidən qurmaq ehtimalının nə dərəcədə gözlənilən olduğunu soruşduğumuz sabiq diplomat, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da deyir ki, Ermənistan Türkiyə ilə münasibətləri bərpa etmək istəyirsə, ilkin olaraq hansı addımlar atılmalı olduğunu bilirlər:

 

“Ermənistan yüz ildir ki, Türkiyəyə qarşı əsassız və haqsız iddialarla çıxış etməklə qalmamış, hər fürsətdə Türkiyə qarşı namərd davranışlarda bulunmuşdur. Ancaq 44 günlük savaşın ardından ötənlərdə baş verən bunca namərdliyə baxmayaraq Ermənistana növbəti dəfə xoş niyyət ifadə edildi. Dekabrın 10-da Bakıda Zəfər paradında çıxış edən cümhur başqanımız Rəcəb Tayyib Ərdoğan Ermənistana barış əlini uzatdı. Ermənistanın bu əli sıxması və bölgədəki sül və rifah üçün hansı addımların bir an öncə atılmalı olduğunu anlamalıdır. İrəvan nəhayət anlamalıdır ki, havadarlarına güvənərək bir daha Azərbaycana qarşı hansısa ərazi iddiasına qalxsa başının üzərində Domokl qılıncı kimi asılmış “Dəmir yumruq” onu növbəti dəfə tarimar edəcək. Artıq Ermənistan və onun himayədarları anladılar ki, Türkiyə-Azərbaycan bir bədəndə döyünən iki ürək kimidir və bu qardaşlıq qiyamətə qədər davam edəcək. Artıq bir millət iki dövlət anlayışı bir millət, bir dövlət arzusuna çevrilməkdədir. Fevralın 10-da Ermənistanın yeni XİN başçısı Ara Ayvazyan Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması üçün heç bir əngəl qalmadığını söyləyib. Əslində erməni diplomat haqlıdır, ən böyük əngəlin elə Ermənistanın özündə və onun əsassız iddialarında olduğunu bilməmiş deyil. Bir sözlə, top onların meydadındadır. Qonşularla mehriban ortamda yaşamaq istəyirlərsə, əvvəlcə içlərindəki problemləri həll etməli, terrorçu mahiyyətindən imtina etməlidirlər. Türkiyə və Azərbaycanın uzanmış barış əllərini nəinki sıxmağa, öpməyə hazır olduqlarını əməlləri ilə ortaya qoymalıdırlar. O zaman bölgənin digər xalqları kimi erməni xalqı da nəhayət xoş günlərinə qovuşa bilər”.

Gununsesi.info