“Elə bil, evi təmizləyəndə zibili xalçanın altında gizlətmişik” - Deputat/Video

“Azparking layihəsi çox uğurlu layihədir”.

Gununsesi.info  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bunun çatışmazlıqları aradan qaldırılmalıdır: “Güzəştli parklanmadan istifadə etmək istəyən insanlara şərait yaratmalıyıq. İş yerlərinin, yaşadığı evin yanında olan parklanma yerlərinə güzəştlər tətbiq edilməlidir. Vətəndaşları razı salmaq lazımdır. Üstün cəhət odur ki, şəhərin mərkəzində artıq boş park yerləri tapmaq olur. Mənfi cəhəti isə odur ki, sürücüləri şəhərin mərkəzindən qovmuşuq, onlar giriblər məhəllə arasına, orada xaos yaradırlar. Elə bil, evi təmizləyəndə zibili xalçanın altında gizlətmişik. Bunu aradan qaldırmalıyıq”.

İctimai nəqliyyat sahəsində problemlərdən danışan deputat qeyd edib ki, ictimai nəqliyyat sahəsində problemlər həll edilmədən tıxac problemini həll edə bilməyəcəyik. “Doğrudur, şəhərlərarası dəmiryolu nəqliyyatı çox yaxşıdır. Əvvəllər deyirdilər çox bahadır, özünü doğrultmayacaq.

Bunun üçün Gəncədən səhər Bakıya gəlib, axşam Gəncəyə qayıtmaq mümkün olsun. Digər tərəfdən, şəhərlərarası təyyarə reysləri də açılmalıdır. Aeroportlar ağzı günə yatır. O qədər işçiyə pul verilir, infrastruktur saxlanılır, amma orada iş görülmür”, – deputat bildirib.

Eyni zamanda, deputat qeyd edib ki, Ağstafadan, Gəncədən Bakıya səhərlər qatarların gəlməsi yaxşı olardı.

“Şəhərlərarası sürət qatarlarının işə düşməsi çox yaxşı oldu. Hətta bizə deyirdilər ki, bu düzgün layihə deyil, bilet qiymətləri bahadır. Bu gün Gəncəyə getmək istəyəndə 100 manatlıq bilet tapa bilmirəm, yer yoxdur. Artıq qatar Ağstafaya qədər hərəkət edir, ona görə sərnişinlər bilet tapa bilmir.

Mümkündürsə, şəhərlərarası təyyarə reysləri bərpa edilərdi. Tarix boyu Gəncə ilə Bakı arasında gündə bir dəfə təyyarə reysi olub. Hər dəfə özüm deyib, özüm eşidirəm”, – deyə N.Həmzəyev bildirib.

Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar ayında 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb, 2023-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 7,0 faiz azalma, sərnişin daşınmasında isə 30,1 faiz artım müşahidə olunub.

 

Gununsesi.info