Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır.

Bu barədə Gununsesi.info -ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumatda bildirilir ki, bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Sürücülərə tövsiyə olunur:
•    Hərəkətə başlamazdan əvvəl duman faralarının və əsas işıqlandırma sistemlərinin sazlığını yoxlayın;
•    Sürət həddini görünüş məsafəsinə uyğun seçin, qəfil manevrlərdən və ötmələrdən çəkinin;
•    Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafəni qoruyun;
•    Zərurət olmadıqca dumanlı hava şəraitində səfərləri təxirə salın;
•    Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:
•    Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin;
•    Qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük verin;
•    Yolun hərəkət hissəsinə qəfil çıxmaqdan çəkinin;
•    Unutmayın ki, dumanlı havada sürücünün sizi vaxtında görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırır:
Bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir.

Gununsesi.info