Dövlət və cəmiyyət qarşısındakı hədəflər: Gənclərə necə yanaşmalı? – Deputatlar AÇIQLAYIR

Hər bir dövlətin və cəmiyyətin gələcəyinin taleyini onun gəncliyi müəyyən edir. Gənclik sağlam, milli-mənəvi dəyərlərə uyğun vətənpərvərlik ruhunda tərbiyə alıbsa, yüksək intellektə və müasir dünya görüşünə maliksə, o zaman dövlət mütləq inkişaf edəcək. Dövlət və cəmiyyət qarşısındakı hədəflərə nail olacaq.

Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini, deputat Şahin İsmayılov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda gənclərin dövlətin və cəmiyyətin inkişafındakı rolunu nəzərə alaraq bu sahəyə diqqət yetirilir.

Şahin İsmayılov

Deputatın sözlərinə görə, uşaq və gənclərin fiziki və milli-mənəvi cəhətdən sağlam şəkildə, milli ruhda tərbiyə almasında, onların yüksək intellektə sahib olması, milli mənlik şürunun inkişaf etdirilməsi, dövlətin və cəmiyyətin inkişafında  daha aktiv iştirakı rolunda çıxış etməsi cənab Prezidentin yürütdüyü siyasətin prioritetini təşkil edir. “Bu siyasətin bünövrəsi hələ Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Ulu öndər hələ SSRİ zamanında ölkəmizə rəhbərlik etdiyi dövrdə gənc nəslin  cəmiyyətin idarəçiliyində, onun gələcək inkişafında aparıcı rol oynaması üçün azərbaycanlı gəncləri  respublikadankənar şəhərlərdə yüksək ali təhsilə malik olub yüksək səviyyəli mütəxəssis kimi yetişməsi istiqamətində ciddi işlər görüb. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə yenidən qayıdan Ulu öndər bu siyasətə böyük önəm verib. O, gənclərin daim dövlət idarəçiliyində irəliyə çəkilib təcrübə əldə etməsinə xüsusi diqqət yetirib. Bu gün dövlət idarəçiliyində yer alan və aparıcı rola malik kadrlar məhz onun dövründə yetişən insanlardır.

Bu siyasət Ulu öndərin siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir”.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan gəncliyi hər zaman istər dövlətin, istərsə də cəmiyyətin inkişafında aparıcı rolda çıxış edib:

“İkinci Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında gəncliyin rolunu qeyd etmək kifayət edər. Azərbaycan torpaqları məhz gənclərimizin milli-mənəvi dəyərlərə uyğun vətənpərvər ruhda böyüyüb, milli mənlik şüurunun yüksək olması nəticəsində azad edilib. Onlar savaş meydanında qəhrəmanlıq dastanı yazaraq torpaqlarımızı yağı düşmən tapdağından azad etdi. Bu qəhrəmanlıq dastanı təkcə savaş meydanında deyil, eyni zamanda, düşmənlə informasiya, diplomatiya savaşında da öz sözünü dedi. Cənab Prezident İlham Əliyev Azərbaycan gəncliyinin dövlətin əldə etdiyi bu möhtəşəm qələbədə əldə etdiyi qəhrəmanlığı və uğurları hər zaman qeyd edib. Dövlət başçısı gənclərimizin milli və vətənpərvər ruhda böyüyüb tərbiyə almasının əhəmiyyətini hər zaman xüsusi qeyd edib və bu sahəyə diqqət yetirib. Məhz bu siyasətin nəticəsi olaraq gənclərimiz dünyanın ən hörmətli ali məktəblərində təhsil alır, gənclərə dövlət idaərçililiyində xüsusi yer ayrılır. Bu da gənclərə olan inam və etimaddır. Bu diqqət və qayğı  gənc nəslin milli mənlik şüurunda  böyüməsində xüsusi rol oynayır”.

Milli Məclisin deputatı Mahir Abbaszadə Gununsesi.info-ya bildirib ki, gənclik hər zaman cəmiyyətin aparıcı qüvvəsi olduğundan, dövlətin  də taleyi ondan asılıdır. “Əgər gənclik vətənpərvərlik ruhunda tərbiyə alıb yüksən intellektə sahibdirsə, o zaman həmin cəmiyyət və dövlət  hər zaman yüksəlişə doğru inkişaf edəcək”, – deyə o qeyd edib.

Mahir Abbaszadə

Deputatın sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlarda  gənclərin də müstəsna rolu var. “Azərbaycan gəncliyində  hər zaman  milli mənlik şüurünün səviyyəsi yüksək olub. Hakimiyyət də gənclərin dövlətin inkişafındakı müstəsna rolunu nəzərə alaraq, bu sahəyə xüsusi diqqət və qayğı göstərməkdədir. Uşaq və gənclərin milli-mənəvi ruhda tərbiyəsi, sağlam düşüncəli yetkin insanlar kimi formalaşması  cənab Prezidentin yürütdüyü siyasətin əsas qayəsini təşkil edir. Məhz yürüdülən bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncliyi dövlətimizin əldə etdiyi uğurlara öz töhfəsini verməkdədir. Bugünkü gənclik  Azərbaycan dövlətinin layiqli təmsliçilərinə çevriliblər. İkinci Qarabağ savaşında Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və şücaət bunun bariz nümunəsidir”, – deputat qeyd edib.

O əlavə edib ki, bu gün Azərbaycan gəncliyi beynəlxalq platformalarda, dövlət idarəçiliyində dövlətin inkişafına öz töhfələrini verməkdədir:

“Lakin buna baxmayaraq, bəzi problemlər də mövcuddur.  Azərbaycan  dövlətinin uğurlarını gözü götürməyən qüvvələr məqsədyönlü şəkildə gəncləri ən müxtəlif dini, siyasi cərəyənalara cəlb edirlər. Bundan əlavə,  gənclər və yeniyetmələrin narkotik aludəçiliyi kimi neqativ vərdişlərə cəlb edilməsi və  gənclərin sağlam gələcəyini məhv edən digər zərəverici hərəkətlərə sövq edən güclər də mövcuddur. Bu məsələlərdə  vətəndaş olaraq, hamımız diqqətli olmalıyıq.  Gələcəyimiz olan  yeniyetmə və gənclərimizin  ölkəmiz və cəmiyyətimiz üçün zərərli vərdişlərdən uzaq, sağlam düşüncə, təfəkkürdə tərbiyə alıb böyüməsinə  birgə səy göstərməliyik.  Bunun üçün gənclərdə Vətənə sevgi, sədaqət aşılanmalıdır. Cəmiyyətin, dövlətin və insanlaırn gələcək taleyinin onların əlində olacağını başa salmalıyıq. Başa salmalıyıq ki, gələcək inkişafımız və xoş gələcəyimiz məhz onların əlindədir. Onlarda milli şüur, vətənpərvərlik ruhu, o cümlədən yüksək təhsilə, dünya görüşünə  malik olarlarsa, cəmiyyət və dövlət də bir o qədər inkişaf edəcək. Əminəm ki, ölkə rəhbərliyi ilə yanaşı, vətəndaş cəmiyyətinin institutları da    bu istiqamətdə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.

Bu gün Azərbaycan gəncliyi dünyada sözünü demiş bir gənclikdir. Ona görə də əminəm ki, bu gün Azərbaycanın  müstəqilliyinin qorunmasında, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında, haqq səsinin dünyaya çatıdırılmasında öz sözünü deyib, üzərinə düşən vəzifəni layiqincə icra edən gəncliyimiz bundan sonra da dövlətimizin qarşısında duran hədəflərə nail olmasında, yeni-yeni qələbələrin və uğurların əldə olunmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Nəticədə Azərbaycan daha da güclənib, qüdrətlənəcək,  dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək”.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info