Senat komitəsində dinləmələr: ABŞ Ukraynaya dəstəyini dayandırsa…

ABŞ müdafiə naziri Lloyd Ostin Senatın komitəsində keçirilən dinləmələrdə deyib ki, ABŞ Ukraynaya dəstəyini dayandırsa, Rusiya işğalçı müharibədə qalib gələcək. Ostinin fikrincə, Rusiya rəhbərliyi “hiss edir ki, Qərb Ukraynanı dəstəkləməkdən yorulacaq” və bu zaman Moskva “tezliklə üstünlüyü əldə edəcək”: “Bu baş verəcək, əgər biz Ukraynanı dəstəkləməsək. O zaman Putin qalib gələcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O hesab edir ki, Ostin haqlıdır. “Pentaqon rəhbəri bu sözləri təsadüfən deməyib, bır sıra ölkədə, həmçinin Qərbdə Rusiya-Ukrayna müharibəsindən yorğunluq artmağa başlayıb. Bəzi Qərb ölkəsi Ukraynaya dəstəyi azaltmaq barədə düşünür”, – deyə politoloq bildirib.

E.Şahinoğlunun sözlərinə görə, ABŞ Konqresi belə büdcədə Ukraynaya yardımı nəzərdə tutmayıb:

“Polşa Ukrayna məhsullarının Avropa bazarına çıxarılmasının əleyhinədir, Macarıstan Avropa İttifaqının Ukraynaya dəstəyinin azaldılmasına çalışır. Növbəti il ərzində müharibədən yorğunluğun daha da artacağı ehtimalı var. Qərb ölkələrinin bir qismində “biz daha nə qədər Ukraynaya maliyyə və hərbi texnika göndərəcəyik” sualı tez-tez səslənməyə başlayıb. Bu gedişat Kremlinin maraqlarına uyğundur. Ukraynanın müharibədə dönüş yaratmasıyla Qərbdəki yorğunluğun qarşısını almaq olar”.

Gununsesi.info