
“Bakı-Gəncə-Bakı sürət qatarlarının hərəkətinin bərpası ilə bağlı xəbər hər kəsi, o cümlədən bütün gəncəliləri sevindirib. COVID-19 pandemiyası ilə əlaqədar sürət qatarının fəaliyyətinə məhdudiyyət qoyulmuşdu. Seçicilərin bu məsələ ilə bağlı arzu və istəklərini aiddiyyatı qurumlara bildirmiş və Milli Məclisin plenar iclaslarında səsləndirmişdik. Nəhayət ki, Novruz bayramı ərəfəsində bu xoş xəbəri ala bildik”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev deyib.
Deputat sürət qatarının bərpa olunmasında əməyi keçən hər kəsə, o cümlədən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova təşəkkürünü bildirib: “Arzu edirik ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq tezliklə belə sürət qatarları ilə Xankəndiyə səfər edə bilək. O günləri səbirsizliklə gözləyirik”.
Qatarda biletlərin qiymətinin dəyişməsi ilə bağlı sosial şəbəkələrdə açılan müzakirələrə gəlincə, Naqif Həmzəyev deyib ki, bu, onun üçün gözlənilməz olmayıb:
“Yeni tarif gözlənilən idi. Çünki, ötən müddət ərzində dəmir yollarında çalışan əməkdaşların maaşları artırılıb. Bundan əlavə olaraq, elektirik enerjisi bahalaşıb. Suyun, yanacağın qiymətində də artım olub. Belə olan halda biletlərin də qiymətinin dəyişməsi gözləniləndir. Hesab edirəm ki, İsveçrə istehsalı olan bu qatarlarla xidmətin yüksək səviyyədə olmasının müqabilində bu qiymət normaldır”.
Gununsesi.info