Deputat: “Bişkek sammiti Azərbaycanın artan geosiyasi çəkisini nümayiş etdirdi”

  • Müəllif: Orxan
  • 01 Sentyabr 2026 14:46

Azərbaycanın xarici siyasətində əsas üstünlüklərdən biri müxtəlif geosiyasi platformalarda ölkənin milli maraqlarını birbaşa ifadə etmək imkanlarının genişlənməsidir.

Gununsesi.info xəbər verir ki, deputat Elnarə Akimova Azərbaycanın Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakını ölkənin artan diplomatik və geosiyasi çəkisinin göstəricisi kimi qiymətləndirib.

Deputat bildirib ki, Bişkek səfərini yalnız beynəlxalq tədbirdə iştirak kimi dəyərləndirmək düzgün olmaz. Onun sözlərinə görə, bu səfər Azərbaycanın dəyişən dünya düzənində açdığı yeni diplomatik imkanları və Avrasiya məkanında formalaşan yeni əlaqələr sistemində tutduğu mövqeni nümayiş etdirir.

“Azərbaycan ŞƏT-in üzvü deyil, 2015-ci ildən təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir. Lakin son illərdə Bakı ilə ŞƏT arasında təmasların intensivləşməsi Azərbaycanın bu platformaya marağının təsadüfi olmadığını göstərir”, – deyə Elnarə Akimova qeyd edib.

Deputatın sözlərinə görə, Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya dövlətlərinin daxil olduğu belə bir platformada Azərbaycanın Prezident səviyyəsində təmsil olunması ölkənin diplomatik imkanlarını genişləndirir.

Elnarə Akimova həmçinin vurğulayıb ki, müasir beynəlxalq münasibətlərdə çoxqütblü sistemin formalaşdığı bir vaxtda Azərbaycanın müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlər qurması xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan özünü yalnız bir geosiyasi istiqamətlə məhdudlaşdırmır. Avropa ilə strateji əməkdaşlıq davam edir, Türkiyə ilə müttəfiqlik münasibətləri dərinləşir, Mərkəzi Asiya dövlətləri ilə əlaqələr genişlənir, Çinlə iqtisadi və nəqliyyat əməkdaşlığı inkişaf edir, Rusiya və İranla münasibətlər ayrıca istiqamət kimi qorunur. ŞƏT platforması bütün bu əlaqələrin bir-birini tamamladığı daha geniş Avrasiya mənzərəsinin mühüm hissəsidir”, – deyə deputat bildirib.

Onun fikrincə, Bişkek sammitində Azərbaycanın əsas qazancı müxtəlif güc mərkəzlərinin təmsil olunduğu platformada öz maraqlarını birbaşa ifadə etmək və ölkənin artan geosiyasi rolunu nümayiş etdirməkdir.

Elnarə Akimova son olaraq onu da qeyd edib ki, Azərbaycanın diplomatik uğuru yalnız tərəfdaşlarının sayının artması ilə ölçülmür. Əsas məsələ müxtəlif güc mərkəzləri ilə münasibətlər qurarkən ölkənin siyasi iradəsini və milli maraqlarını qoruyub saxlamaqdır.

Orxan

Gununsesi.info