
“Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin növbəti dəfə sərsəm və həqiqətəuyğun olmayan çıxışı Azərbaycan ictimaiyyətini hiddətləndirib. Mən də çıxışı və ifadə olunan sözləri qınayıram. Jirinovski unudur ki, o, təlxəkdir, onun fikirləri Rusiya rəsmilərinin mövqeyi və fikri ola bilməz”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Azərbaycanla Rusiya arasında yüksək strateji münasibətlərin olduğunu bildirən deputat Jirinovskinin fikirlərinin bu əlaqələrdə yerinin olmadığını vurğulayıb:
“Jirinovski Rusiya siyasətində heç də ciddi qəbul edilmir. O, əsasən imperialist qüvvələrin fikirlərini və mövqeyini müdafiə etməsi ilə tanınır. Hər kəsə bəllidir ki, Jirinovski müəyyən pul və hədiyyə qarşılığında bu cür açıqlamalar verərək, ermənipərəst qüvvələrin istəklərini həyata keçirir. Jirinovskinin fikirlərini Rusiya rəsmilərinin mövqeyi kimi qəbul etmək yanlış olardı. Azərbaycanla Rusiya arasında əlaqələr inkişaf yolunda davam edir və hazırda ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir. Rusiya və Azərbaycan liderləri arasında çox xoş və dostluq münasibətləri var. Azərbaycan uzun illərdir müstəqil siyasət yürüdür, regionda qonşu ölkələrlə dostluq münasibətləri qurub. Rusiyanın sülhməramlı kontingenti də torpaqlarımızda müvəqqəti yerləşdirilib. Biz qarşı tərəfə – Ermənistana şans vermişik, onlara həqiqətləri dərk etmək və Azərbaycanla sülh müqaviləsi imzalamaları üçün vaxt tanımışıq. Ermənilərin, o cümlədən Azərbaycana qarşı ərazi iddiasında olan istənilən qüvvənin cavabını verməyə hazırıq”.
Deputat qeyd edib ki, bu cür absurd fikirlərin yaranması Azərbaycanın inkişaf yolunda uğurla irəliləməsindən qaynaqlanır:
“Anlamalıyıq ki, Azərbaycan gücləndikcə, bu cür sərsəm açıqlamalar ola bilər. Bu, gözləniləndir. Biz də bunlara hazır olmalıyıq. Çalışmalıyıq ki, bu cür fikirlər ictimaiyyət arasında çaşqınlıq yaratmasın. Həm diaspora nümayəndələri, həm də Azərbaycan siyasi səhnəsində aktiv olan, ictimaiyyətə təsir gücü olan şəxslər bu məsələyə aydınlıq gətirsinlər və bu cür təxribatların qarşısı vaxtında alınsın. Düşünürəm ki, bu cür məsələləri çox da ciddi dəyərləndirib, gündəmi məşğul etməyə ehtiyac yoxdur. Çünki hər kəs Jirinovskinin kim olduğunu, kimlərə xidmət etdiyini, nə məqsəd daşıdığını bilir. Jirinovskinin fikirləri, sadəcə, ürək bulandırır. O, sərsəm addım ataraq, səhv açıqlama verib. Bununla da o, öz səviyyəsini göstərib və cəzasını mütləq alacaq”.
Gununsesi.info