
Xəbər verdiyimiz kimi, Türkiyənin Rize şəhərində yeni hava limanı istifadəyə verilib.
Azərbaycanlıların istirahət üçün Qara Dəniz bölgəsinə getməsini nəzərə alsaq, o zaman Gəncədən Rizeyə təyyarə reyslərinin açılması zərurəti ortaya çıxıb.
Qeyd edək ki, bu təşəbbüslə çıxış edən jurnalist Pərviz Həşimliyə millət vəkillərindən də dəstək gəlib.
Belə ki, Milli Məclisin üzvləri Fazil Mustafa və Naqif Həmzəyevdən sonra Gəncədə deputat seçilən Müşviq Cəfərov da eyni təkliflə çıxış edib.
Gununsesi.info-ya açıqlamasında deputat deyib:
“Bildiyimiz kimi Türkiyədə yeni Rizə-Artvin hava limanı fəaliyyətə başladı. Hazırda bilet qiymətləri olduqca bahadır, qarşıda isə turizm baxımından çox əlverişli sayılan yay fəsli gəlir. Bir çox vətəndaşımızın ən çox üz tutduğu ölkə isə Türkiyədir. Düşünürəm ki, Rizə-Gəncə aviareysi təşkil edilsə, həm zaman, həm də qiymət sarıdan çox sərfəli olacaq. Həmçinin, Gəncənin dağətəyi bölgələri də turistlərin çox üz tutduğu məkandır. Bu da Türkiyədən turistlərin Gəncə şəhərinə gəlməsinə şərait yaradacaq. Rizənin olduqca gözəl təbiəti xarici turistləri cəlb edir. Əgər Rizədən Gəncəyə birbaşa uçuş olsa həmin turistlərin şəhərimizə səfərləri də baş tutacaq. Bu istər iqtisadi, istərsə də turizm baxımdan çox əlverişli bir addım olar. Lakin yenə də uçuşların təşkiliylə bərabər, qiymətlərin münasibliyi də vacibdir. Bu gün dövlətimiz Qarabağın turizm potensialına xüsusi diqqət ayırır. Lakin digər bölgələrimizin də turistik imkanlarından faydalanmalıyıq”.
Günay Təhməzova
Gununsesi.info