
Qidalar mütləq təzə olmalıdır. Yaxşı olar ki, ev yeməyi olsun. Əgər güvəndiyiniz restorandan yemək sifariş edirsizsə, çatdırılma xidmətinin də keyfiyyətinə fikir verin. Qida 60 dərəcədən yuxarı və 5 dərəcədən aşağı temperaturda təhlükəsiz sayılır.
Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, kovid xəstələri duzlu yeməkləri rasiondan çıxartmalıdır:
“Yeməkdə duz azaldılmalıdır. Gündəlik 5 gramdan az duz istifadə olunmalıdır. Bu xəstəlikdə ən pis qidalar duzlu qidalardır, məlumatınız olsun.
Şiriniyyat olmaz. Gündəlik enerjinin cəmi 5%-i şiriniyyatdan gəlməlidi. Əgər ürəyiniz şirin nəsə istəyirsə, təzə meyvə yeyin. Meyvələrdən banan daha çox məsləhətdir, amma xəstədə böyrək çatışmazlığı varsa, banan olmaz.
Çalışın qızartma yeməklər yeməyəsiz, sulu yeməklərə üstünlük verin. Qırmızı ət, yağlı ət məsləhət deyil. Yaxşı olar ki, dərisiz toyuq əti supu, buxarda bişmiş balıq əti olsun. Toyuq supunun qrip əleyhinə, iltihab əleyhinə təsiri var, antineytrofil təsiri soyuq xəstəliklərinin simptomlarını azaldır. Kovidə qarşı təsiri, antineytofil olduğuna görə ikincili bakterial infeksiya riskini artırıb artırmaması isə hələ öyrənilir.
Tərəvəzi artırın. Amma sizə köp verən qidaları yeməyin, tənəffüsünüz daha da çətinləşməsin.
Çuğundur, nar suyu içməyi tövsiyyə edirəm.