
Çin Yeni Zelandiyaya ABŞ, Böyük Britaniya və Avstraliya arasında təhlükəsizlik paktı olan AUKUS-un yeni müdafiə əməkdaşlığına qoşulmamaq barədə xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Canq Xiaogan mövzu ilə bağlı dəyərləndirilməsində AUKUS-un “nüvə silahlarının yayılmaması rejimini sarsıtdığını” və “silahlanma yarışını qızışdırdığını” deyib.
“Tərəfləri bu yanlış və təhlükəli yolda daha da irəliləməkdən, beynəlxalq və regional sülh və sabitliyi öz təhlükəsizliyinə zərər vermək bahasına sabotaj etməkdən çəkinməyə çağırırıq”, – deyə sözçü bildirib.
Çinin bəyanatı Avstraliya müdafiə rəsmilərinin Yeni Zelandiyanı AUKUS-un kiber müharibə, süni intellekt və hipersəs silahlarını əhatə edən “Pillar 2” adlı yeni müdafiə əməkdaşlığı haqqında məlumatlandırmasından sonra verilib.
Yeni Zelandiya Müdafiə Nazirliyi açıqlamasında Avstraliya ilə görüşün AUKUS-un 2-ci Ayağında iştirakla bağlı olmadığını və paktdan kənar ölkələrin yeni əməkdaşlığa daxil edilməsi üçün hələlik cədvəlin müəyyən edilmədiyini bildirib.
ABŞ və Böyük Britaniya arasında texnologiya transferi yolu ilə Avstraliyanın nüvə enerjili sualtı donanmasının yaradılmasını hədəfləyən AUKUS müqaviləsi 16 sentyabr 2021-ci ildə imzalanıb.
Razılaşmada Çinin adı çəkilməsə də, üç ölkənin “regional təhlükəsizlik narahatlıqlarının artırılmasına” vurğu verməsi əməkdaşlığın Pekinin bölgədəki hərbi gücünü tarazlaşdırmaq üçün bir pakt olduğuna dair şərhlərə səbəb olub.
Çin razılaşmaya reaksiya göstərərək, ittifaqın regional sülh və sabitliyə, eləcə də nüvə silahlarının yayılmasına qarşı beynəlxalq səylərə zərər verəcəyini vurğulayıb.
Pekin rəhbərliyi razılaşma ilə nüvə texnologiyası və materiallarının nüvə silahı olmayan Avstraliyaya təhvil veriləcəyinə diqqət çəkərək, nüvə silahının yayılması rejimi çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) tərəfindən təftiş edilməsini istəyib.
Gununsesi.info