Çernobılda mavi xəzli itlər aşkar edilib və onların videosu ABŞ-ın qeyri-kommersiya təşkilatı “Çernobıl itləri” tərəfindən sosial mediada paylaşılıb.
Görüntülər heyvanların radiasiya səbəbindən mutasiyaya uğradığı barədə fərziyyələrə səbəb olsa da, təşkilat nümayəndələri bunu təkzib edib. Baytar Cennifer Betz bildirib ki, itlərin xəzindəki mavi rəng köhnə portativ tualetdən çıxan kimyəvi maddədən yaranıb və radiasiya ilə əlaqəsi yoxdur. O əlavə edib ki, heyvanlar sağlamdır və maddənin zərəri olmayacaq.
“Çernobıl itləri” 2017-ci ildən təcrid zonasında çalışır, bu müddətdə minlərlə it və pişik sterilizasiya olunub. Könüllülər mavi xəzli itləri də sterilizasiya etməyi planlaşdırırlar, lakin onları hələ tuta bilməyiblər.
Təşkilatın məlumatına görə, bu itlər 1986-cı ildə reaktor qəzasından sonra sahibsiz qalmış itlərin nəsilləridir. Sovet qoşunları ərazidəki heyvanları güllələməyə çalışsa da, bu mümkün olmayıb.
Alimlər əvvəllər Çernobıl itlərinin DNT və immun sistemində adaptasiya dəyişiklikləri aşkar ediblər ki, bu da onların zəhərli mühitə uyğunlaşması ola bilər.
Şəbnəm













