
Bu gün UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək.
Gununsesi.info-nun məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək.
A qrupunda PSJ Fransada Belçika “Brügge”sini qəbul edəcək. İngiltərənin “Mançester Siti” klubu isə Almaniyada “Leyptsiq”in qonağı olacaq. Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedəcək. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcək.
B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən İngiltərə “Liverpul”u İtaliyada “Milan”la qarşılaşacaq. Qrupun digər oyununda Portuqaliya “Portu”su evdə İspaniyanın “Atletiko” (Madrid) klubunu sınağa çəkəcək. Hazırda 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaq.
C qrupunda Türkiyə “Beşiktaş”ı Almaniyada Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyacaq. Digər görüşdə isə qrup qalibi olan Niderland “Ayaks”ı Portuqaliya “Sportinq”i ilə münasibətlərinə aydınlıq gətirəcək.
D qrupunda İspaniya “Real Madrid”i doğma meydanda İtaliya “İnter”i ilə 1-ci yer uğrunda mübarizə aparacaq. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova “Şerif”i qrup sonuncusu olması dəqiqləşən Ukraynanın “Şaxtyor” (Donetsk) klubunu qəbul edəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
A qrupu
21:45. PSJ (Fransa) – “Brügge” (Belçika)
21:45. “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
Xal durumu: “Mançester Siti” – 12, PSJ – 8, “Leyptsiq” – 4, “Brügge” – 4.
B qrupu
00:00. “Milan” (İtaliya) – “Liverpul” (İngiltərə)
00:00. “Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya)
Xal durumu: “Liverpul” – 15, “Portu” – 5, “Milan” – 4, “Atletiko” – 4.
C qrupu
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Beşiktaş” (Türkiyə)
00:00. “Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya)
Xal durumu: “Ayaks” – 15, “Sportinq” – 9, “Borussiya” – 6, “Beşiktaş” – 0.
D qrupu
00:00. “Real Madrid” (İspaniya) – “İnter” (İtaliya)
00:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Şerif” (Moldova)
Xal durumu: “Real Madrid” – 12, “İnter” – 10, “Şerif” – 6, “Şaxtyor” – 1.
Qeyd edək ki, indiyədək “Mançester Siti”, PSJ, “Liverpul”, “Ayaks”, “Sportinq”, “Real Madrid” və “İnter”lə yanaşı, Almaniyanın “Bavariya”, İtaliyanın “Yuventus”, İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları da 1/8 finala adlayıb.
Gununsesi.info