Cavanşir Feyziyev kimdir? - MÜSTƏQİLLİYİN İLK İLLƏRİNDƏN BİZNESMENƏ ÇEVRİLƏN BU ŞƏXSƏ İTTİHAMLARIN ARXASINDA NƏ DAYANIR?

  • By admin
  • 03 Noyabr 2021 10:15

 

Dünən bir sıra media orqanlarında millət vəkili Cavanşir Feyziyevin  Böyük Britaniyada ailə üzvlərinə məxsus bank hesablarının dondurulması ilə bağlı məlumatlar yayılıb.

Bəzi media və sosial şəbəkə üzvləri deputat haqqında bir sıra ittihamlar səsləndirib.

Gununsesi.info Cavanşir Feyziyevin kimliyini araşdırıb.

Həmin araşdırmanı təqdim edirik:

Beləliklə, Cavanşir Feyziyev kimdir?

Cavanşir Feyziyev əmək fəaliyyətinin ilk illərində Universitetdə müəllim işləyib. 90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması ilə əlaqədar yaranmış yeni şəraiti, özünün intellektual və işgüzar bacarıqlarını düzgün dəyərləndirərək, 1995-ci ildə özəl sektora üz tutub. Əvvəlcə məşhur bir ABŞ şirkətinin nümayəndəliyində çalışıb və daha sonra şirkətini açaraq özəl biznesdə çalışıb. Yeni iş yerləri yaradıb və uğurlu biznes qurub. 2010-cu ilə qədər aktiv bizneslə məşğul olub, həm özü qazanıb, həm dövlətin vergisini ödəyib və həm də ölkənin iqtisadi tənəzzülü dövründə minlərlə yeni iş yeri yaradıb. Şəkidə və Bakıda minlərlə yoxsullara, ehtiyacı olanlara əl tutub, tələbələrə, müəllimlərə və xəstələrə yardım edib. Həmin dövrlərdə heç bir mətbuat orqanı onun haqqında heç nə yazmırdı və Cavanşir Feyziyev özü də heç vaxt öz fəaliyyətini işıqlandırmağa meyl göstərməyib.Bu adam ömründə bir gün də olsa dövlət qulluğunda, yəni məmur vəzifəsində çalışmayıb.
2010-cu ildə Milli Məclisə üzv seçilib və qısa bir zamanda siyasi fəaliyyətində də uğurlar əldə etməyə başlayıb. Müstəqil deputat kimi həmişə məsələlərə özünün müstəqil yanaşması olub, seçiciləri ilə həmişə sıx təmasda olub və onların problemləri ilə yaxından məşğul olub. Bütün bunları az qala hər bir Şəkili təsdiq edə bilər. Ən azı 4 xarici dil bilən deputat Beynəlxalq Münasibətlər Komitəsinin üzvü kimi xarici ölkələrin parlamentləri ilə əlaqələrin möhkəmləndirilməsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, xüsusilə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünya birliyinə çatdırılmasında fəal iştirak edib.

Avropa Parlamentində Azərbaycana qarşı münasibətin nisbətən obyektiv məcraya yönəlməsinə nail olub.

2018 və 2019-cu illərdə ilk dəfə Avropa Parlamenti üzvləri Xocalı Soyqırımı ilə bağlı Bəyanatlar imzalayıblar. Xocalı soyqırımı hadisəsini Şotlandiya parlamentinin gündəliyinə çıxara bilib və parlamentin 80%-dən çoxu Qətnaməyə səs verib. Həmin Qətnamədə ermənilərin Xocalıda törətdiyi hadisələr insanlığa qarşı cinayət kimi siyasi qiymətini alıb.
Yerli agentlərinin ötürdüyü qərəzli məlumatlar əsasında bəzi xarici media qurumlarının Cavanşir Feyziyevə qarşı hücumları da elə o vaxtlardan, yəni 2015-ci ildən sonra başlayıb. 2017-ci ildə Cavanşir Feyziyev Azərbaycan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri seçilməsi onun erməni həmkarlarını və Avropada fəaliyyət göstərən erməni lobbiçilərini narahat etməyə başlayıb, elə o zaman həm xaricdə və həm də qismən daxildə media hücumları daha da güclənib. Hələ 2010-cu ildə Avromed şirkətinin Baş Direktoru vəzifəsindən istefa verməsinə baxmayaraq 7 il sonra  OCCRP-də çıxan “Azərbaycan Landramatı” adlı məqalədə də ən çox Cavanşir Feyziyev hədəfə alınmışdı.

Düzdür, bu məqaləni Azərbaycanda “radikal müxalifət” adlandırılan qurumdan və bir neçə reketçi mediadan başqa başqa heç kim dəstəkləmədi, amma Azərbaycana qarşı beynəlxalq mediada yayımlanmış böhtan və uydurma iddialar müəlliflərin qənaətinə görə, Azərbaycanın imicinə ciddi zərbə vurulmasına hesablanmışdı. Belə də oldu.
İndi Britaniya mülki məhkəməsində C.Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarının dondurulması işinə baxılır. Lakin cavabdehlər bank hesablarındakı vəsaitlərin qanuni yolla qazanıldığını və qanuni məqsədlər üçün istifadə olunduğunu sübut etməyə hazırdırlar. Onlar Britaniya qanunvericiliyinin bütün imkanlarından istifadə edərək öz qanuni vəsaitlərini müdafiə etməkdə israrlıdırlar və ona görə də bu məsələ məhkəmədə araşdırılır.
Hər hansı bir şəxslə bağlı məhkəmə araşdırmasının aparılması bütün dünyada və xüsusilə Avropada adi haldır. Kimin kimdən şübhəsi və ya hər hansı bir narazılığı varsa, mülki məhkəməyə müraciət edərək araşdırılmasını xahiş edə bilər. Bu qədər sadə bir mülki işin Azərbaycanda radikal müxalifət tərəfindən sevinc və eyforiya ilə qarşılanması acı təəssüfdən başqa bir şey doğurmur. Çünki bu insanlar yenə də dövləti və iqtidarı günahlandırmaq və Azərbaycan haqqında mənfi imic yaratmaq üçün əllərinə fürsət düşdüyünü zənn edirlər.

Məhz bu yanaşmalarında bəzi öz dövlətinə və dövlətçiliyinə qəsd edən adamların mövqeyi yorulmadan gecə-gündüz Azərbaycan əleyhinə təbliğat aparan erməni lobbisinin məqsədləri ilə üst-üstə düşür.
Bu hələlik sonu bəlli olmayan bir məhkəmə araşdırmasıdır və yenicə başlanıb. Nəticə ortada olmadan təqsirləndirici fikirlər yürütmək və kimisə ittiham etmək qərəzli, qeyri-obyektiv və fürsətcil adamların adətidir. Bunu siyasi etikadan və jurnalist etikasından uzaq adamlar edə bilərlər. Bu dəfə də Azərbaycan dövlətçiliyinə qarşı vuruşan radikallar və bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarına yardım etmək üçün hazır olan reket jurnalistlər məhkəmə xəbərini öz məqsədlərinə uyğun şərh etmək üçün canfəşanlıq göstərirlər.

Eyni canfəşanlığı erməni mətbuatında da izləmək mümkündür.
Biz jurnalist olaraq hər hansı bir məlumatın mediada işıqlandırılmasının əleyhinə deyilik. Amma hər hansı bir xəbərin şəxsi baxış bucağından, özlərinin siyasi mövqelərindən çıxış etməklə qərəzli şəkildə təqdim olunmasını doğru addım hesab etmirik.

 

Gununsesi.info