
… 20 yanvar ad günümdür. Məni təbrik edənlərə, etməyənlərə təşəkkür edirəm. Mən bütün yaradıcı həyatımı kamera arxasında keçirmişəm. İki gözlə baxdığımız ağlı-qaralı həyatın reallığını, nə qədər çətin olsa da, kameranın bir gözüylə göstərməyə çalışmışam…
Axırıncı dəfə ad günümü 1989-cu ildə qeyd eləmişəm.
1990-cı ildə yanvarın 19-da Moskvada tələbə dostlarımla sabah ad günümü necə keçirəcəyimi planlaşdırmışdım. Gecəyarı xəbər gəldi ki, Bakıya qoşun yeridilib. Səhər tezdən Azərbaycanın Moskvadakı Nümayəndəliyinə üz tutduq…
Moskada 20 yanvarın səhəri açılmışdı. Amma Daimi Nümayəndəliyin qarşısında çaşqınlıq içində olan insanların səhəri açılmırdı, hamı 20 yanvarın qaranlığında kədərli və qəzəbli idi .
Tam səmimi deyirəm, Heydər Əliyevin Nümayəndəliyə gəlib mətbuat konfransı keçirməsi və SSRİ rəhbərliyini sərt tənqid etməsi bizim mitinq və piketlərimizi daha izdihamlı, daha mütəşəkkil etdi.
Hüznlü və şərəfli günlər idi. Qarlı-buzlu yollarla nümayişə çıxıb SSRİ-nin ən ali qurumlarının qarşısında piketlər keçirdik, etirazımızı bildirdik…
Məhz bu mətbuat konfransı, mitinq və nümayişlər ictimai rəyə xeyli təsir elədi. Moskva və dünya baş verən hadisələrin əsl mahiyyətini anlamağa və baş verənlərə obyektiv qiymət verməyə başladı.
Bakıya yeridilən 50 mindən çox şəxsi heyətin, 1000-dən çox hərbi texnikanın istifadə olunduğu hərbi əməliyyatın şərti adı “Zərbə” idi. Amma bu nəhəng hərbi əməliyyat zamanı Azərbaycan yox, sovet quruluşu daha çox Zərbə aldı.
…Həmin vaxt Moskvanın mərkəzi prospektlərini iflic eləmişdik…
O yol bizim yol idi…
O yol bizi müstəqilliyə aparırdı…
O yolda biz hamımız bir idik…
Allah birliyimizi qorusun !
Mübariz Əsgərov
Gununsesi.info