“Bu qapı bağlansa, Əfqanıstan “Taliban” qaranlığına bürünəcək” – Türkiyəli ekspert

“Amerika ilə danışıqlar yaxşı nəticə verərsə, Türkiyə bu ölkə ilə işbirliyi çərçivəsində Əfqanıstanda  Kabil Hamid Karzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edə bilər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Onun sözlərinə görə, bu məsələ Türkiyə üçün çox önəmlidir.

“İki ölkə hadisələri aydın görür. Nəticədə Çin, Rusiya, İran və regional oyunçular Amerikanın yaratmış olduğu boşluğu doldurmağa çalışır. Belə bir məsələ var ki, keçmişdən Amerika ilə Türkiyə arasında böyük gərginlik hökm sürür. Bu gərginliyin azadılması üçün də test ola bilər”.

Ekspert, həmçinin qeyd edib ki, digər tərəfdən Türkiyə geopolitik oyun oynamağa başlayıb.

“Bu oyunda Cənubi Asiya önəmli yer tutur, xüsusilə də Əfqanıstan və orada yerləşən hava limanı əsas məsələdir.  Digər məsələ isə İslam dünyasında böyük bir məğlubiyyətin olmasıdır.  Bu məğlubiyyətin başlanğıc nöqtəsi elə Əfqanıstandır. Radikalizmin toruna düşmüş bir ölkə var.  Bu ölkənin normallaşması üçün İslam dünyasındakı baş ölkənin, yəni Türkiyənin orada aktiv olması önəmlidir. Talibanın radikalizmi ilə Türkiyənin ortaya qoyduğu İslam nə qədər bir-biriylə mübarizə apara bilər, bunu yaxın gələcəkdə görəcəyik.

Türkiyə Əfqanıstanda “Taliban”a rəğmən böyük bir güc ortaya qoya bilər, amma bu da asan başa gəlməyəcək.  Bu nöqtədə hər kəs istəyir ki, Əfqanıstana istiqlal gəlsin. Bunun üçün Əfqanıstana meyilli ölkələr – Qatar, Səudiyyə Ərəbistanı, Pakistanla birlik qurula bilər. Amma bu da çətin baş gələn işdir. Birliklər arasında qarşılaşma olarsa, “Taliban” üçün də çətin ola bilər, ağır itkini “Taliban” verəcək. Türkiyə belə bir nöqtəyə gəlməməsi üçün çalışır. Digər tərəfdən bu, Əfqanıstan üçün son şans ola bilər.  Əfqanıstanın Türkiyə üzərindən insanlığa açılan qapısı olmalıdır.  Bu qapı bağlanarsa, Əfqanıstan “Taliban” qaranlığına bürünəcək”, – deyə Türkiyənin tanınmış hərbi eksperti Abdullah Ağar Əfqanıstan ətrafında cərəyan edən son hadisələri şərh edib.

Gununsesi.info