Bu qələbənin təminatını güclü iqtisadiyyat təşkil etdi – AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ana xətti ölkənin iqtisadi cəhətdən güclü və qüdrətli dövlətə çevirməklə, əhalinin sosial rifah halında yaşadığı bir ölkəyə çevirib, dövlətin dayanıqlı təhlükəsizliyini təmin etməkdir. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün Azərbaycanın böyük potensialı və imkanları mövcuddur. Ölkəmizin belə bir imkanlara malik olduğunu nəzərə alan Prezident  tərəfindən regionların sosial-iqtisadi vəziyyətinin inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə davamlı olaraq müxtəlif  dövlət proqramlar qəbul edilib və onlar icra olunmaqdadır. Uğurla icra olunan bu proqramlar respublikanın bütün bölgələrini əhatə edir.

Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, bu istiqamətdə yürüdülən   siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın  iqtisadi cəhətdə güclü və qüdrətli ölkələrindən biri hesab olunur.

Mahir Abbaszadə

“Bunun ən yaxın tarixdə baş verən ikinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq. Bu qələbənin təminatını güclü iqtisadiyyat təşkil etdi. Güclü iqtisadiyyat bu gün Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısıdır. Ölkəmiz regionda bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru qərarlar hesabına atılan addımlarla inkişafı deməkdir. Bu siyasəti aparan isə Azərbaycan Prezidenti İlham Əliyevdir”, – o qeyd  edib.

Deputat əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası və “Böyük qayıdış”ın təmin edilməsi istiqamətində  qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da məhz bu məqsədlərə xidmət edir:

“Bu proqramın icrası təkcə  öz yurdlarından didərgin düşən insanların qısa zaman kəsiyində öz ata yurdlarna dönüşünü təmin etməyə yox, eyni zamanda,  ölkə iqtisadiyyatının hərtərəfli inkişafına xidmət edir.

Cənab Prezident İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı– SPECA həftəsi çərçivəsində keçirilən sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiya, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində reallaşdırılan  genişmiqyaslı tədbirlərdən də bəhs edilib. 2021-2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrıldığı bildirilib.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya cəlbi ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilməsi diqqətdə saxlanılır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri keçirilir, hazırda burada fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılır.

İşğaldan azad edilən ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. Sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması məqsədilə kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması ilə bağlı elektron platformanın hazırlanmasına başlanılıb.  Bu da öz növbəsində ölkə iqtisadiyyatının inkişafına və gücünə əlavə güc qatmış olacaq”.

Milli Məclisin deputatı İlham Məmmədov isə məsələ ilə bağlı Gununsesi.info-ya  açıqlamasında bildirib ki, ötən 3 il ərzində  Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq, quruculuq işlərini uğurla davam etdirdi: “Cəmi 3 ilə görülən meqa işlər nəticəsində yeni, modern üslubda yaşayış məntəqələri salınır, infrastruktur qurulur, yollar çəkilir. Erməni vəhşiliyi nəticəsində dağıdılan dini, tarixi abidələrimiz bərpa edilir.

İlham Məmmədov

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən reallaşdırılır. Artıq Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. Müharibədən cəmi il yarım sonra – 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı təmin ediilib. İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının ardınca Zəngilanda ikinci hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi isə sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə indiyədək məktəblər, xəstəxanalar, otellər, konqres mərkəzləri tikilib, istifadəyə verilib. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatdırılıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.

Görülən genişmiqyaslı fəaliyyətdə ən əsas yerlərdən birini əhalinin rahat yaşaması üçün vacib sayılan müasir kommunal təminatların həyata keçirilməsidir. Bölgənin enerji təminatı məsələləri sürətlə həll edilir – yeni 12 elektrik stansiyası, 12 yarımstansiya istifadəyə verilib. Bir sıra istiqamətlər üzrə isə artıq magistral qaz xətlərinin tikintisi həyata keçirilir.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə dayanıqlı enerji təchizatı sisteminin qurulmasını ən mühüm vəzifələrdən biri  elan edib.  Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” bölgəsi elan edib. Yürüdülən bu siyasətin qayəsində də qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın  töhfəsini vermək dayanır.

Odur ki, yürüdülən  hərtərəfli uğrulu siyasətin nəticəsi olaraq  qarşıya qoyulan hədəflərə nail olunacaq”.

Deputat onu da əlavə edib ki, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması  və onun daha sürətlə inkişafının təmin edilməsi, üzləşilən maneələrin aradan qaldırılması istiqamətində istər qanunvericilik, istərsə də ali icra orqanlaır tərəfindən davamlı olaraq müvafiq addımlar atılır, qərarlar qəbul edilir.

 

Şəbnəm Rəhimova

Gununsesi.info

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.