
Bu gün Bakı Apelyasiya Məhkəməsində “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həbs-qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin verdiyi qərardan şikayətə baxılacaq.
Bu barədə Gununsesi.info-ya Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Zeynallı deyib.
O bildirib ki, işə hakim Habil Məmmədovun sədrliyilə baxılacaq.
Məlahət Zeynallı bütün media nümayəndələri və hüquq müdafiəçilərini məhkəməyə çağırıb.
Dekabrın 29-da jurnalist Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.
Xatırlatma
Vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı bu il sentyabrın 10-da hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun rüşvət iddası ilə saxlanılıblar.
Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.
Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) Elçin Sadıqov isə rüşvətə köməklikdə ittiham edilib.
Sentyabrın 21-də isə Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz müdaxilə göstərmə – nüfuz alveri) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Onlar ittihamları qəbul etmirlər.
Gununsesi.info