
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Qəzzada “dərhal, daimi və davamlı humanitar atəşkəs və hərbi əməliyyatların dayandırılmasını” tələb edən qətnamə layihəsini qəbul edib.
Gununsesi.info xəbər verir ki, İordaniyanın irəli sürdüyü və Türkiyə də daxil olmaqla 50-yə yaxın ölkənin birgə təqdim etdiyi qətnamə BMT Baş Assambleyasının 193 üzvü olan Fələstin Xüsusi Fövqəladə Sessiyasında səsə qoyulub.
Qətnamə 45 bitərəf və 14 əleyhinə olmaqla, 120 səslə qəbul edilib.
Sənəddə tərəflərin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və beynəlxalq insan haqları hüququna uyğun olaraq öhdəliklərini yerinə yetirmələri lazım olduğuna diqqət çəkilərək, bunun xüsusilə mülki şəxslərin və mülki infrastrukturların qorunması üçün edilməli olduğu vurğulanıb.
BMT Baş Assambleyasının Qəzzaya çağırışını rədd edən ölkələr bunlardır:
ABŞ, İsrail, Avstriya, Xorvatiya, Çexiya, Fici, Qvatemala, Macarıstan, Marşal adaları, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay, Tonqa.
Qətnamədə israillilərə və fələstinlilərə qarşı terror fəaliyyətləri və ayrı-seçkilik etmədən hücumlar da daxil olmaqla hər cür zorakılıq pislənilib və “qanunsuz olaraq saxlanılan bütün mülki şəxslərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması və bu cür şəxslərə beynəlxalq hüquqa uyğun olaraq humanist rəftar” tələb olunub.
Sənəddə Qəzza zolağında “ciddi və dəhşətli humanitar vəziyyət”ə diqqət çəkilib və uşaqların cəmləşdiyi vətəndaş cəmiyyətinə təsirləri qeyd edilib.
Qətnamədə “dərhal, tam, təhlükəsiz və fasiləsiz humanitar çıxışa” çağırış edilib və BMT Baş katibi Antonio Quterreşin bu kontekstdə göstərdiyi səylərin tam dəstəkləndiyi qeyd edilib.
Sənəddə “dərhal, daimi və davamlı humanitar atəşkəs və hərbi əməliyyatların dayandırılması” tələbi yer alıb.
Sənəddə Qəzzaya humanitar yardımın və materialların daşınmasının asanlaşdırılması üçün lazımi addımların atılmasının vacibliyi qeyd edilib və BMT təşkilatlarına və onların tərəfdaşlarına fasiləsiz girişin təmin edilməsinin vacibliyi vurğulanıb.
Qətnamədə İsraildən fələstinlilərin Qəzzanın şimalını tərk etmələri ilə bağlı verdiyi göstərişi geri götürməsi tələb olunur.
Qətnamədə beynəlxalq hüquqa və BMT qətnamələrinə uyğun olaraq Fələstin mülki əhalisinin müdafiəsi üçün təcili mexanizmin yaradılması tələb edilib və münaqişənin bölgəyə yayılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb.
Sənəddə vurğulanıb ki, İsrail-Fələstin münaqişəsi beynəlxalq hüquq və BMT qətnamələrinə uyğun olaraq yalnız sülh yolu ilə və iki dövlətli həll yolu ilə həll edilə bilər.
BMT Baş Assambleyasının sessiyasında Kanadanın qətnamə layihəsinə düzəliş edilməsi tələbi üzv dövlətlər tərəfindən rədd edilib.
Kanada qanun layihəsinə “Həmasın oktyabrın 7-də törətdiyi terror aktlarının pislənməsi”nin əlavə edilməsini tələb edib.
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququna görə 10 gün ərzində 4 fərqli qətnamə layihəsinə veto qoyulub.
BMT Baş Assambleyasında hər ölkənin bir səsi var. BMT Təhlükəsizlik Şurasından fərqli olaraq heç bir ölkənin veto hüququ yoxdur.
Beynəlxalq sülh və təhlükəsizliyə təsir edən mühüm məsələlər üzrə qətnamə layihəsinin qəbulu üçün üçdə iki səs çoxluğu tələb olunur.
Məcburi olmasa da, Baş Assambleyanın qətnamələri siyasi çəkiyə malikdir və beynəlxalq ictimaiyyətə güclü mesaj verir.
Gununsesi.info