Baxçalara qəbulda rüşvət aradan qaldırılır? - TƏHSİL NAZİRLİYİ ELEKTRON SİSTEM YARADIB

Azərbaycanda uşaq baxçalarına qəbul prosesində rüşvət halları ciddi problemlərdən biri kimi cəmiyyəti narahat edib.

Təhsil Nazirliyinin bu gün yaydığı açıqlamada baxçalara “online” qəbul üçün yeni sistemin yaradıldığı bildirilir.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov məsələ ilə bağlı sosial şəbəkə hesabında yazır:

“Hörmətli valideynlər, ilk öncə sizi məktəbəqədər qəbul prosesinin tamamilə yeni qaydada, şəffaf, onlayn fəaliyyətə başlaması münasibətilə təbrik edirik. Artıq siz heç bir yerə getmədən, kiminləsə görüşmədən, kiməsə zəng etdirmədən öz övladınızı bağçaya qeydiyyat edə bilərsiniz. Bizim üçün əsas sizin məmnuniyyətiniz və rahatlığınızdır.

Yeri gəlmişkən, elektron qəbulla bağlı çoxsaylı müraciətlər olduğundan sistemin işində bir neçə dəqiqəlik problem yaranmışdı. Hazırda sistem normal çalışır. Nəzərə alaq ki, bu sistem bağçalarla bağlı ilk elektron tətbiqdir.

Bildirmək istərdik ki, bu proses sentyabrın 14-dək davam edəcək. Valideynlər həmin vaxtadək uşaqlarını elektron olaraq qeydiyyatdan keçirmək imkanına malikdirlər”.

Günay
Gununsesi.info