
Ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Xətai Rayon İcra Hakimiyyətinə müraciəti əsasında yaşıllıq zolağında quraşdırılmış yüngül konstruksiya sökülərək ərazi əvvəlki vəziyyətinə gətirilib:
“Sözügedən ərazidə ağaclara ziyan vurulması halı qeydə alınmayıb”.
10:36
Xətai rayonu, Sarayevo küçəsində, yolun ortasındakı yaşıllıq zolağında kafe tikilməsi planlaşdırılıb.
Bu barədə ötən gün sosial şəbəkələrdə məlumat yayılıb.
Ərazidəki vətəndaşlar bildiriblər ki, bütün yaşıllıq zolağı zəbt edilib, ağacları kəsir, diqqət çəkməmək üçün tikinti işini gecələr icra edirlər.
Məsələ barədə Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
İH-in İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dünən gecə artıq tikili sökülüb:
“Saytınızdan daxil olan sorğudan sonra Bakı Şəhər İcra Hakimiyyətinin müdaxiləsi nəticəsində Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə ərazidəki qanunsuz tikili sökülüb və əvvəlki vəziyyətinə qaytarılıb”.
Gununsesi.info