
“BƏƏ ilə Azərbaycan keçmişdən bəri inkişaf hədəflərini dəstəkləyən güclü, ikitərəfli münasibətlərə malikdirlər. İki ölkə arasındakı iqtisadi və ticarət münasibətləri həddindən çox məhsuldardır və müsbətdir”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri “Report”a müsahibəsi zamanı səsləndirib.
İqtisadiyyat nazirinin sözlərinə görə, növbəti mərhələdə daha geniş üfüqləri əhatə etmək üçün, əməkdaşlıq səviyyələrini yüksəltməklə bağlı daha çox fürsət görürlər:
“Hazırda BƏƏ-nin Azərbaycana yatırdığı investisiyaların həcmi 2,2 milyard ABŞ dolları təşkil edir. Azərbaycanın BƏƏ-yə yatırdığı investisiyaların həcmi isə 350 milyon ABŞ dollarından çoxdur. 2019-cu ildə ölkələrarasında ticarət dövriyyəsi 21,3 faiz artıb. 2019-cu ilin statistik göstərcilərinə görə, Azərbaycanın Körfəz ölkələri ilə ticarət dövriyyəsinin 76 faizi BƏƏ-nin payına düşüb. Bununla yanaşı, BƏƏ Azərbaycanın turizm sektorunun böyüməsində mühüm rol oynayıb”.
BƏƏ rəsmisi qeyd edib ki, BƏƏ-nin rəqəmsal iqtisadiyyatın dayaqlarını gücləndirmək təcrübəsi və 4-cü Sənaye İnqilabı texnologiyalarının gələcək sektorlara inteqrasiyası Azərbaycanın faydalana biləcəyi sahələrdir:
“Bu sahələrdə tərəfdaşlığın və ortaq təşəbbüslərin araşdırılması hər iki ölkənin şaxələndirmə səylərinə əhəmiyyətli bir dəyər verə bilər”.
BƏƏ ilə Azərbaycan arasındakı alternativ enerji sahəsində əməkdaşlıqdan da danışan Abdulla Bin Touq Al Marri bildirib ki, iki ölkənin bu sahədə olan qurumları arasında tərəfdaşlıq müqavilələri hazırlanıb və bu da Azərbaycanın bərpa olunan enerji sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur:
“BƏƏ Azərbaycanla təkcə energetika sektorunda deyil, digərlərində də əlaqələrimizi gücləndirəcək, daha da inkişaf etdirəcək ortaq iş həyata keçirməyi səbirsizliklə gözləyir”.
Gununsesi.info