
“Əvvəla, erməni mətbuatının yaydığı məlumata şübhəsiz ki, inanmaq lazım deyil. Çünki bu haqda hər hansı bir rəsmi mövqe də ortalıqda yoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.
Siyasi şərhçi erməni mətbuatında “Azərbaycan dövləti Laçın və Zabuxdan köçən ermənilərə əlavə 5 gün daha müddət verdi” başlığı ilə dərc olunan xəbərlər, habelə bu informasiyanın sosial şəbəkələrin Azərbaycan seqmentində yaratdığı qıcıq barəsində fikirlərini səsləndirib.
E. Mirzəbəylinin sözlərinə görə, proses 10 noyabr bəyanatının müvafiq müddəaları əsasında Rusiya sülhməramlılarının iştirakı ilə həyata keçirilir:
“İndiki şəraitdə həmin ərazilərdə mülkiyyətin toxunulmazlığının təmin edilməsi ilə yanaşı Azərbaycan ekologiyasının qorunmasının məsuliyyəti ilk növbədə, sülhməramlıların üzərinə düşür. Ona görə də onlar bu prosesi separatçıları geri çəkməklə dayandırmalıdır.
Əgər bu istiqamətdə müvafiq addımlar atılmayacaqsa, mən şübhə etmirəm ki, bütün bu prosesin qarşısını almaq üçün adekvat tədbirlər həyata keçirilməsin. Ona görə də mən həmin o 5 günlük müddətin əlavə edilməsi ilə bağlı konkret hər hansı bir informasiyaya malik olmadığım üçün fikir söyləyə bilmərəm. Lakin düşünürəm ki, bizim kifayət qədər daha uzağa hesablanmış strateji hədəflərimiz var”.
BAXCP funksioneri əlavə edib ki, bu strateji hədəflər kontektsində də bəzən müəyyən qədər tələsik görünməyən, yaxud gecikmiş görünən addımların atılması labüddür:
“Dövlət öz hədəflərini gözləmək və hesablamaq kimi bir öhdəliyə malikdir. Bütün vətəndaşların, həmçinin, Azərbaycanın gələcəyinin məsuliyyəti də Azərbaycan dövlətinin üzərinə düşür. Bu aspektdən, müəyyən hallarda bizim üçün gecikmiş görünən və yaxud atılmayan bəzi addımların şübhəsiz ki, bəzi səbəbləri var. İndiki şəraitdə mən baş verən hadisələri emosional müstəvidə izləyən və təbii olaraq sarsılan vətəndaşlarımızdan daha səbrli olmalarını rica edərdim. Düşünürəm ki, Azərbaycan dövləti cənab Prezidentin də qeyd etdiyi kimi, “nəyi nə vaxt və necə etmək lazım gəldiyini yaxşı bilir”. Biz ötən zaman kəsiyində bu tezisin nə qədər effektiv və doğru olduğunun şahidi olmuşuq. İndiki şəraitdə də üzərimizə düşən dövlətimizə və ordumuza güvənmək və sonuna qədər onların arxasında dayanmaqdır”.
Gununsesi.info