
Bu ilin mayında Niderlandda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə tamaşaçılar buraxıla bilər.
Gununsesi.info-nun məlumatına görə, bu barədə müsabiqənin təşkilatçıları bildirib.
Qeyd olunur ki, tamaşaçıların müsabiqədə iştirakı eksperiment xarakteri daşıayacaq. Niderland hökuməti böyük auditoriyalı tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinin mümkünlüyünü yoxlayacaq.
“Avroviziya” müsabiqəsinin məşqinin yarımfinal və final yarışlarında eyni zamanda 3,5 minədək tamaşaçının iştirakı nəzərdə tutulur. Bunun üçün mənfi koronavirus testi nəticəsi tələb olunacaq.
Qeyd edək ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən ləğv edilən “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi bu il 18-22 may tarixlərində Rotterdam şəhərinin “Ahoy” arenasında baş tutacaq.
Xatırladaq ki, “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı müğənni Əfəndi təmsil edəcək.