Avropa Məhkəməsi təzminat məbləğlərini kəskin azaldıb - VƏKİL ŞƏRH EDİR

  • By admin
  • 02 Sentyabr 2022 15:43

Son zamanlar Avropa İnsan Hüquqları  Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının təzminat hissəsində ötən illərlə müqayisədə kəskin azalma müşahidə olunur.
Belə ki, konvensiyanın eyni pozuntusu üzrə əvvəli qərarlarda vətəndaş üçün 10 min avro təzminat nəzərdə tutulurdusa, indi bu rəqəm 2500-3000 civarında təyin olunur.
Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayan tanınmış vəkil Əsabəli Mustafayev məsələ barədə Gununsesi.info-ya danışıb.

Tanınmış vəkil deyir ki, bu açıq şəkildə görünsə də nədənsə bu barədə ,hüquq müdafiə təşkilatları, özəlliklə, Avropa Məhkəməsi sahəsində işləyən təşkilatlar da açıqlama vermir:

“Bu məsələ ilə bağlı Avropa Məhkəməsinə dəfələrlə müracət edilib, tənqidlər səsləndirilib və səbəbi soruşulub.  Ancaq Avropa Məhkəməsi səbəblə bağlı rəsmi cavab vermir. Mən məhkəmə praktikasını bildiyim üçün ehtimal edə bilərəm ki, hər hansı bir ölkəyə qarşı eyni pozuntularla bağlı qərarların sayı artdıqca, həmin oxşar işlər üzrə, məhkəmə artıq sadələşmiş qaydaya  keçir həmdə ki, kompensasiyaların məbləğini həddindən artıq azaldır. Yəni deyir ki, bu işlərin, qərarların sayının çox olması şəraiti dəyişmir və bu cür pozuntuların baş verməsinin, təkrarlanmasının qarşısını almır. Bu pozuntular  Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı ciddi problemlər olan dövlətlərə qarşı olunur”.

Kompensasiya məbləğinin inzibati həbslərdən verilən şikayətlərdə daha çox azaldığının müşahidə olunduğunu vurğulayan vəkil deyir ki, bu işlərə görə, əvvəllər 5 min avro təyin olunurdusa, indi bu rəqəm 2 dəfədən də çox azalıb: “Çünki, bu cür qərarların sayı həddindən artıq çoxdur.
Biri də məhkəmə qərarlarının icra olunmaması ilı bağlıdır. Əvvəllər Avropa Məhkəməsi  qərarların icra olunmamasına fikir verirdi. Bizdə elə  olub ki,  məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 10-12 min kompesassiya olub. İndi isə məhkəmə buna demək olar ki, fikir vermir. Hamısına 1500-2000, ən yüksək halda isə 3000 avro kompensasiya təyin edir. Bu təkcə Azərbaycana qarşı deyil. Mən bizim vətəndaşların şərhlərini oxuyuram, hesab edirlər ki, bu ancaq Azərbaycana qarşı belədir. Xeyr, mən bir neçə ölkənin işlərinə baxmışam. Məsələn, Macarıstana qarşı da belədir. Orada da həbs-qətiimkan tədbiri ilə bağlı 8 ay, 1 il həbsdə qalan insanlar var. Onlara da kompensasiyanın məbləği  1500-2000 avro təşkil edib.
Bu Russiyaya qarşı da belə idi.  Yəni, məhkəmənin izahı budur ki,   10 min və ya 5 min versəm də heç nə dəyişmir.  Ancaq nə etmək olar ki? Bu məhkəmənin praktikasıdır və bizim gücmüz çatmır ki, onu dəyişməyə nail olaq. Buna görə də dözməli oluruq”.

Mayis 

Gununsesi.info