Anti-terror əməliyyatları keçirilməlidir - Ayaz Mütəllibov Qarabağın sonrakı taleyindən DANIŞDI

“Qarabağ məsələsinin bundan sonrakı taleyi ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Mürəkkəb vəziyyət yaransa da, indi üstünlük bizim tərəfimizdədir. Prezidentimizin də fəaliyyəti göz qabağındadır”.

Bunu Publika.aza açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

O bildirib ki, ermənilərin təxribatlarına qarşılıq olaraq Azərbaycan anti-terror əməliyyatı keçirə bilər: “Anti-terror əməliyyatları keçirilməlidir. Bu, lazımdır. Ümumi vəziyyətə baxmalıyıq. Ermənilərin şıltaqlığı məlum məsələdir. Ancaq darıxmaq lazım deyil, üstünlük bizim tərəfimizdədir. Azərbaycanla Türkiyə hazırda çox yüksək səviyyədə hərbi əməkdaşlıq edir. Eyni zamanda Qarabağda – işğaldan azad olunan ərazilərdəki yenidənqurma işlərini də çox yüksək qiymətləndirirəm. Çox qısa müddətdə çox böyük işlər görülüb. Yenidənqurma işləri elə bu sürətlə davam edəcək. Prezidentimizin bu istiqamətdə gördüyü işlər göz önündədir və təqdirəlayiqdir”.

Ayaz Mütəllibov səhhətindən də danışıb: “Hazırda səhhətim acınacaqlıdır. Ev şəraitində müalicə alıram. Yaşla bağlı problemlərdir. Səhhətimdə bir sıra problemlər var, səbəbləri də müxtəlifdir. Koronavirusdan da özümü qoruyuram, yoluxmamışam”.

Gununsesi.info