
2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39.830 qərarın icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (Azerbaijani Bar Association) tərəfindən təmin edilib.
Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Gununsesi.info-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, icrası təmin olunmuş qərarlar üzrə ümumilikdə 4.999.982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin edilib.
Anar Bağırov qeyd edib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən “Heydər Əliyev İli” çərçivəsində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiqlənib: “Bu plan çərçivəsində Ulu Öndərin doğulduğu Naxçıvan şəhərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə birgə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib.
Prezident İlham Əliyevin vəkilliyə diqqətinin daha bir təzahürü 25 dekabr 2019-cu il tarixli Sərəncam ilə “Vəkil günü” peşə bayramının təsis edilməsi olub. Sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Xüsusilə qürurverici haldır ki, əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən ulu öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir”.
A.Bağırov bildirib ki, hazırda ölkəmizdə 130-dan çox vəkil qurumu fəaliyyət göstərir: Eyni zamanda, son 15 ildə ilk dəfə Naxçıvan Muxtar Respublikasında ümummilli liderin 100 illik yubileyi çərçivəsində Vəkil Bürosu təsis edilib, 10 iyul 2023-cü il tarixində Şərur Rayon Vəkil Bürosunun rəsmi açılış mərasimi keçirilib.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə 2020-ci ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, dövlət büdcəsində birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunub.
Əsası ulu öndər tərəfindən qoyulan məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi kimi bu gün vəkillər məhkəmə hakimiyyətinin idarə edilməsi, habelə məhkəmə hakimiyyətinin formalaşdırılması, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin iş prosesində üzv kimi fəaliyyət göstərirlər. Həmçinin Vəkillərin İxtisas Komissiyasının işində həm məhkəmə hakimiyyətinin təmsilçiləri, həm də hüquqşünas alimlər iştirak edirlər”.
A.Bağırov qeyd edib ki, Azərbaycan Vəkillər Kollegiyası özündə kifayət qədər vəkil-hüquqşünas alimləri birləşdirir. “Bunu nəzərə alaraq redaksiya heyəti tanınmış Azərbaycan, o cümlədən əcnəbi vəkil-hüquqşünas alimlərin birləşdiyi “Azərbaycan Vəkili” elmi-praktiki hüquq jurnalı yeni formatda və beynəlxalq qeydiyyat nömrələrini (ISSN, DOI) əldə etməklə dərc olunub.
Vəkillər Kollegiyası bundan sonra da öz missiyasına sadiq qalaraq qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcək”, – deyə o yekunlaşdırıb.
Gununsesi.info