Yaponiyanın Okinava şəhərindəki hərbi limana yanaşmış USS New Orleans hərbi gəmisində yanğın baş verib. Yanğın 12 saat ərzində söndürülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamaya görə, dünən yerli vaxtla saat 16:00-da Yaponiyanın White Beach hərbi limanında lövbər salan ABŞ-ın USS New Orleans hərbi gəmisində baş verən yanğın bu gün səhər yerli vaxtla saat 04:00-da söndürülüb.
Yaponiya Sahil Mühafizəsi (Kaiho) və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin (MSDF) qüvvələri də yanğının söndürülməsi səylərinə dəstək verib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki əməkdaşı yüngül xəsarət alıb və gəmidə müalicə olunub.
Dövlət yayımı NHK tərəfindən yayımlanan kadrlarda gəminin burnundan uzun qara tüstü qalxdığı görünür.
Okinava qubernatoru Tamaki Denni hadisədən dərin kədərləndiyini bildirib və xəbərdarlıq edib ki, yanğın söndürülməsə, “ada sakinləri üçün böyük fəlakət” yarada bilər.
Kyodo xəbər agentliyi yanğının səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında verilən məlumata görə, USS New Orleans iki Osprey nəqliyyat təyyarəsini eyni vaxtda göyərtəsində qalxma və eniş üçün daşıya bilər.
Orxan













