
Məhkəmə səs-küylü “Əfqanıstan işi ilə bağlı sabah nə qərar verəcək?
Bu gün Ali Məhkəmədə iş adamı İslam Kərimovun şikayətinə baxılacaq. Qeyd edək ki, bu cinayət işi ölkədə kifayət qədər rezonans doğurub. Əfqanıstanda neftayırma zavodu quran biznesmenin tanışı tərəfindən aldadılaraq külli miqdarda pulunun ələ keçirilməsi, istintaq və məhkəmə prosesinin qərəzli aparılması və nəticədə İ. Kərimovun 7 illik cəzaya məhkum edilməsi çoxsaylı şikayətlərə səbəb olub. İş adamının oğlu Cavidan Kərimov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Ali Məhkjəmənin sədri Ramiz Rzayevə müraciətlərində üzləşdikləri haqsızlıqların ailə faciəsinə səbəb olduğunu, anasını vaxtsız itirdiyini bildirib, onlardan ədalətin bərpa olunmasına dəstək olmağı xahiş edib. Yerli media da bu səs-küylü məhkəmə çəkişməsinin necə bitəcəyinə böyük maraq göstərir.
Xatırladaq ki, İslam Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edildi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 28.07.2020-ci il tarixli qərarı ilə onun barəsində təyin olunmuş cəzanı bir il artırıb.
İ. Kərimovun oğlu Cavidan Kərimov Gununsesi.info-ya açıqlamasında bildirib ki, mayın 26-da Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə atasının şikayətinə baxılacaq. Onun sözlərinə görə, atasının günahsız olması həm birinci, həmdə apelyasiya instansiyasında tam sübut olunub: “Atamın cinayət törətməsinə dair hər-hansı dəlil-sübut yoxdur. Ortada ancaq atamı aldatmış Xəqani Qədirovun ziddiyətli ifadələri var. Məlumdur ki, atam İslam Kərimov özünü iş adamı kimi təqdim edən Xəqani Qədirov tərəfindən şirin vədlərlə aldadılaraq Əfqanıstan Resbulikasında neftayırma zavodu tikməsinə külli miqdarda- 4 milyon dollara yaxın vəsait yatırıb. Bu qədər pulu atam əmlakmızı sataraq, qohumlardan borc götürərək, banklardan kredit alaraq toplamışdı. Atamın etibarını qazanan Xəqani Qədirov özü bir manat da olsun vəsait qoymadan atamın verdiyi pulları istədiyi xərcləyib, dağıdıb mənimsəyib. Üstəlik atam ona hər ay 3- 4 min dollar əmək haqqı verib, bütün əlavə xərlərini qarşılayıb. Xəqani bildirib ki, Əfqanıstana işçı aparmaq, habelə orada işləri qaydasına qoymaq üçün zavodun 25 faiz səhmlərini formal olaraq ona vermək lazımdır. Atam bir şərtlə razılaşıb: əgər zavod bir ildən sonra gəlirlə işləyərsə, 25 faiz səhmləri geri almayacaq, əks halda Xəqani Qədirov onlardan imtina etməlidir. Çox təəssüf ki, bu qədər dəstəyin, hörmətin qarşılığında Xəqani Qədirov atama xəyanət etdi, bizim həyatımızı məhv etdi, faciələrə sürüklədi.
Əfqanıstanda zavod işə düşəndə məlum oldu ki, təzə avadanlıqlar adı ilə ötən əsrin 40-50-ci illərin avadanlıqları quraşdırılıb. Əlbəttə onlar günün tələblərinə uyğun yanacaq istehsal edə bilməzdi. Ona görə də qısa müddətdə zavod iflas etdi, Əfqanıstan vətəndaşlarına külli miqdarda borclandılar. Atam vəziyyətdən çıxmaq üçün zavodun səhmlərini sataraq borcları ödədi. Bundan başqa atam banklardan, qohumlardan külli miqdarda borc götürmüşdü. Onları da qaytarmaq lazım idi. Atam heç tərəddüd etmədən hər şeyimizi satıb onları ödədi.
Ailəmiz bu gərgin günlərdə çox böyük stress yaşadı və bu hadisələr anamın səhhətinə ağır təsir etdi. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoydular, aylarla-dava dərman həkimlər və….günün birində anamı gənc yaşında itirdik. Onun heç 50 yaşı tamam olmamışdı, Xəqani Qədirov bu müsibəti başımıza gətirənə qədər, sağlam, xoşbəxt, ailəsinin başında olan bir xanım idi. Bu dələduzluq, cinayət olayı onu bizim əlimzdən aldı, bizə ağır faciə, sarsıntı yaşatdı”.
C. Kərimov hesab edir ki, Ali Məhkəmənin Cinayət Kollegiyası ədalət naminə atası İslam Kərimovun barəsində çıxarılan bütün hökmləri ləğv etməli, işə bəraətverici əsaslarla xitam verilməlidir. O, media vasitəsi ilə bir daha Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ali Məhkəminin sədri Ramiz Rzayevə və işə baxacaq hakim İlqar Qılıcova müraciət edib:
“Bizim ölkə rəhbərliyindən, Ramiz Rzayevdən, İlqar Qılıcovdan yeganə xahişimiz, istəyimiz odur ki, atamla bağlı ədalətli qərar verilsin. O günahsızdır, cinayət əməli törətmədiyi halda məhkumluq həyatı yaşayır. Bir vətəndaşa qarşı haqsızlıq, xüusən onun həyatına sağalmaz yaralar vuran həbs həyatına məhkum edilməsi böyük ədalətsizlikdir. Mayın 26-da Ali Məhkəmənin bu haqsızlığı aradan qaldırması üçün imkanı var. Əgər ədalət yerini tutacaqsa, bu cəmiyyətimiz üçün də böyük bir mesaj olacaq. Biz hüquqi, dünyəvi ölkədə yaşayırıq, hər bir ölkədə eləcə də Azərbaycanda da qanunlar pozula, insanlar məhrumiyyətlər yaşaya bilərlər. Amma bu sonsuza qədər davam edə bilməz. Dövlət, qanun, məhkəmə bir yerdə öz sözünü deməlidir. Bizim Ali Məhkəmədən, cinayət işinə baxacaq hörmətli hakim İlqar Qılıcovdan gözləntimiz yalnız budur!”
Elmar