
Tarix boyu İDMAN – Azərbaycan Mədəniyyətində mühüm rol oynayıb. Bu sahədə uğurlar qazanan, ölkəmizi xarici arenalarda layiqincə təmsil edib, üçrəngli, ayulduzlu bayrağımızı yüksəklərə qaldıran bir çox Vətən oğullarımız varki, onların qalibiyyətlərini illər keçdikcə yad etmək, gələcək nəsillərə bu bilgiləri ötürmək üçün onlar haqqında yazılar yazaraq, yaddaşlarda xüsusi saxlamalıyıq.
Haqqında yazaraq, idman sahəsində uşaqlığından əzmlə irəliləyərək, zirvəyə doğru gedən uğurlarından bəhs edəcəyim Vətən oğlu, Azərbaycanın idman ustası, dünya çempionu Mirzə Məmmədovdur (Azərbaycan Çempionu,Türkiyə Çempionu,Dünya Çempionu,Türkiyə Milli yığma məşqçisi, “Azeri Türk Fight Team” klubunun prezidenti).
Mirzə Əbülfəz oğlu Məmmədov, 14 aprel 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan idmana marağı olan Mirzə 1997-ci ildə məktəb təhsili ilə yanaşı idmana da həvəs göstərərək, idmanın Ciu-citsu növü ilə məşğul olmağa başlamışdır.
Mirzə, 1999-cu ildə Azərbaycan Gənclər Birliyinin futbol klubunda, 2000-ci ildə isə Türkiyyənin balacalarla Gənclər Birliyi komandasında qapıçı olaraq fəaliyyət göstərmişdir. O, 2001-ci ildə Lokomativ idman klubunda boks idman növünə, 2002-ci ildən isə yeniyetmələr üzrə yarışmalara çıxmağa başlamışdır. Nəticə olaraq, 2003-cü ildə boks üzrə Bakı çempionu olmuşdur. Sonralar 2005-ci ildə Bakı şəhər çempionatında boks üzrə Bakı şəhər birinciliyində 2-ci yer, həmən ilin fevral ayında boks üzrə Bakı şəhər birinciliyində 2-ci yer tutmuşdur. 2005-ci ilin oktyabr ayında Süleyman Süleymanovun adına həsr olunmuş açıq turnirdə 2-ci yeri tutaraq,həmin ili göstərdiyi nəticələrə görə 1-ci dərəcəli idmançı adına layiq görülmüşdür.
İdmana sonsuz marağı olan Mirzə 2007-ci ildən etibarən qaydasız döyüşlə məşğul olmağa başlamışdır. O, 2008-ci ildə Bakı şəhərində yerləşən 132 saylı Tam Orta Məktəbi bitirmişdir. Mirzənin anasının onun idmana gəlməsində böyük səyi və əziyyəti olmuşdur. Bir faktıda qeyd edək ki, babası Rəşid Mirzəyar oğlu Məmmədov SSRİ zamanında 70 kq-lıq ağır çəkili güləşçi olub. İrsən gələn idmana olan sevgisi, onun adını daşıdığı babasının yolunu gedərək bu sahədə böyük uğurlar əldə etməsinə səbəb olmuşdur.
2013-cü ildə Azərbaycanın Neft Şirkəti olan Socarın açıq yarışlarında 3-cü yer tutmuş, Türkiyə Milli Sporcusu Halis Avşarla bərabər, 2014-cü ildə Türkiyənin Kempo Savunma Sporları federasiyasını yaradaraq, eyni zamanda da milli komandanın məşqçisi kimi işə başlamışdır.
2016-cı ildə Kempo yarışlarında Türkiyənin 1-ci dərəcəli idmançı adına layiq görülmüşdür. 2017-ci ildə Kempo döyüş növündə Respublika Çempionu və Asiya Çempionu olmuşdur. 2018-ci ildə BUDO döyüş növlərində 100 kq-da dünya kubokunun qalibi olmuşdur. 2018-ci il Azərbaycanda keçirilən Respublika çempionatında 1-ci yerə çıxmışdır. 2018-ci il dekabr ayının 26 -da Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimovun sərəncamıyla Azərbaycanın fəxri idman ustası adına layiq görülmüşdür. 2018-ci il Azərbaycanda keçirilən professional kəmər döyüşündə qalib olaraq, 2019- cu ildə Gürcüstanda keçirilən Ciu-citsunun rəsmi dünya çempionatında həm güləş, həmdə döyüş versiyasından dünya 3-sü olmuşdur.
Mirzə 2019-cu ildə Türkiyə çempionu olmaqla yanaşı həmin ildə Türkiyənin Kempo idmanı üzrə Azərbaycan təmsilçisi seçilmişdir. Kempo Federasiyasının Bakıda keçirilən hesabat iclasında idman ustası, dünya çempionu Mirzə Məmmədov federasiyanın Türkiyə üzrə direktoru vəzifəsinə təyin olmuşdur. Mükafatı ona federasiyanın prezidenti Tarıverdi Allahverdiyev və vitse-prezident Rauf İbrahimov təqdim etmişdir. Sonra 2019-cu ildə Kuzey Kıbrıs (KKTC)-də verdiyi seminara görə Kuzey Kıbrısın fəxri idmançısı adına layiq görülmüşdür. Orda federasiya yaradaraq idmançılarla yarışlarda böyük nailiyyətlər əldə etmişdir. İdman və təhsil nazirləri onu qəbul edərək fəxri fərman və hədiyyələrlə mükafatlandırmışdır. 2020-ci ilin əvvəlində Türkiyənin İstanbul şəhərində professional kəmər döyüşündə qalib olmuşdur. Mirzə Məmmədov hal-hazırda idman karyerasını davam etdirir. Ağ ayı ləqəbli dünya çempionu 23 Qızıl, 26 Gümüş, 10 Bürünc medalın sahibidir.
Bir hadisəni xüsusi olaraq qeyd edək ki, 2009-cu il 30 apreldə baş verən Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi zamanı Mirzə Məmmədovun ilk olaraq terrorçunu zərərsizləşdirməkdə böyük səyi olub. Yaralıların və terror qurbanlarının təxliyyəsində böyük əməyi keçən Mirzə o günləri hələ də dəhşətlə xatırlayır. İdman ustası qanlara qərq olmuş cəsədlərin, insanların qəfil baş verən hadsələrdə qorxudan yaranan xaosunun, göz yaddaşına köçürdüyü qanlıqadalı görüntülərin təsirini, hadisələrdən danışarkən hələdə ürpərərək hiss edir.O dəhşətli günü illər keçsədə eyni həyəcanla xatırlayan idmançı tək idman arenasında deyil, Vətənin hər çətin, dar günündə də xainlərə, rəqiblərə qarşı igidliklə mübarizə apararaq Çempion adını daim yüksəklərə qaldırmaq şərəfinə nail olmuşdur.
Ana Vətənə, üçrəngli bayrağa sonsuz sevgisi olan ölkəmizin fəxri, Azərbaycanın idman ustası, dünya çempionu Mirzə Məmmədova həyatının anlamına çevirdiyi idman sahəsində daim zirvələr, uğurlar arzulayırıq!
Müəllif-Məmmədova İlhamə