ABŞ Senatında yeni qanun layihəsi: Rusiya oliqarxlarının yüksək dəyərli aktivləri Ukraynanın xeyrinə müsadirə ediləcək

ABŞ senatorlarından ibarət ikipartiyalı qrup Rusiya oliqarxlarının yüksək dəyərli aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi prosesini sürətləndirəcək qanunvericilik təşəbbüsü irəli sürüb.

Gununsesi.info xəbər verir ki, sənədi demokrat senator Şeldon Uaythaus yayıb.

Qanun layihəsi ABŞ qanunlarını pozmaqda Rusiya hökumətinə yardım edən rus oliqarxlarına və digərlərinə məxsus aktivlərin inzibati qaydada müsadirə edilməsi üçün 500 min dollar limitini aradan qaldıracaq.

O, həmçinin ABŞ Ədliyyə Nazirliyinin müsadirə edilmiş aktivlərdən istifadə səlahiyyətinə aydınlıq gətirir, ABŞ hökumətinin rusiyalı oliqarxların aktivlərinin müsadirəsi yolu ilə əldə etdiyi bütün vəsaitləri Ukraynaya ötürə bilməsini təmin edir.

Sənədi Konqresə senatorlar Uaythaus və respublikaçı Lindsi Qrem, Nümayəndələr Palatasının üzvləri respublikaçı Co Vilson və demokrat Stiv Koen təqdim ediblər. Senatorlar Riçard Blumental, Cim Riş və Maykl Bennet qanun layihəsinin birgə sponsorları olublar.

“Bu qanunvericilik Rusiyanın müharibəsinə töhfə verən şəxslərin şəxsi maliyyə aktivlərinin müsadirə edilməsinə və terror və soyqırımın maliyyələşdirilməsi üçün deyil, Ukrayna xalqına kömək üçün istifadə edilməsinə kömək edəcək. Amma bu qanun layihəsi yalnız ilk addımdır. Biz də hərəkətə keçməliyik. Rusiyanın ABŞ-dakı suveren aktivlərini müsadirə etmək”, – Cim Riş bildirib.

Mövcud qanunvericiliyə görə, ABŞ Ədliyyə Departamenti Ukraynaya yalnız Rusiya ilə bağlı müəyyən sanksiyaları pozduğuna görə müsadirə edilmiş aktivləri verə bilər.

Bu, ilk və sonuncu dəfə 2023-cü ilin fevralında ABŞ-ın baş prokuroru Merrik Qarland rusiyalı oliqarx Konstantin Malofeyevdən müsadirə edilmiş 5,4 milyon dolların Ukraynaya köçürülməsinə icazə verdikdə baş verib.

ABŞ Senatında artıq Rusiyanın aktivlərinin, o cümlədən suverenlərin – yəni Rusiya dövlətinə məxsus olan əmlakın müsadirə edilməsi ilə bağlı bir neçə təklif irəli sürülüb.

Gununsesi.info