ABŞ-nin “Cənubi Nizə” əməliyyatı:

ABŞ narkotik kartellərinə qarşı mübarizə aparmaq üçün “Cənubi Nizə” əməliyyatının başladığını elan etdi.

Bunu ABŞ hərbi naziri Pit Heqset X səhifəsində yazıb.

“Bu gün “Cənubi Nizə” əməliyyatını elan edirəm. Əməliyyata Mərkəzi və Cənubi Amerika, eləcə də Karib dənizi bölgəsinə cavabdeh olan ABŞ Cənub Komandanlığı, həmçinin bu əməliyyat üçün xüsusi olaraq yaradılmış birgə qüvvələr rəhbərlik edəcək. Bu missiya vətənimizi qorumaq, yarımkürəmizdən narko-terrorçuları aradan qaldırmaq və ölkəmizi əhalimizi öldürən narkotiklərdən hifz etməkdir”, – o bildirib.

Maraqlıdır, region ölkələrinin buna reaksiyası necə ola bilər? Xüsusən Meksika, Kolumbiya, Venesuela kimi dövlətlər mövqelərini sərtləşdirə bilərmi?

Ümumiyyətlə, ABŞ-nin bu addımı bölgədə yeni münaqişə ocağı yarada bilərmi?

Əslində, məsələ bir qədər qarışıq ola bilər.

Belə ki, Cənubi Nizə” əməliyyatı Latın Amerikası üçün ABŞ-nin sadəcə kriminal qruplara qarşı əməliyyatı deyil. Həmçinin bölgədə yenidən təsir dairəsi qurmaq cəhdi kimi də oxunacaq. Bu da üç əsas dövlətin reaksiyasını kəskin şəkildə fərqləndirir.

Meksika burada ən həssas mövqedədir.

Meksika ABŞ ilğ həm iqtisadi, həm də sərhəd təhlükəsizliyi baxımından çox bağlıdır. Ümumiyyətlə, Meksika hökuməti adətən ABŞ-nin birbaşa hərbi müdaxilə ritorikasından narahat olur, çünki bu, suverenlik məsələsini gündəmə gətirir.

Digər tərəfdən, Kolumbiya tarixən ABŞ-nin “Plan Kolumbiya” çərçivəsində narkotiklərlə mübarizədə ən yaxın müttəfiqi olub. Ancaq son illər Kolumbiyada sol hökumət gəlib və ABŞ-yə olan münasibətlər daha soyuqdur. Yeni əməliyyat Kolumbiyanı yenidən Vaşinqton orbitinə qaytarmaq cəhdi kimi görünə bilər.

Nəhayət, Venesuela isə ABŞ-nin bölgədəki əməliyyatlarını həmişə imperialist müdaxilə kimi təqdim edir. Həmçinin Venesuela kartellərlə mübarizə bəhanəsi ilə ABŞ-ın özünə qarşı hərbi addım ata biləcəyindən ehtiyat edir.

Ancaq bütün hallarda əvvəldən dəqiq bir şey demək bir az da mümkün deyil. Nəticələr mübarizənin miqyasından asılı olaraq dəyişəcək.

 

Elmar

Gununsesi.info