
İran Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının blokada altındakı Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymasını qınayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib. “ABŞ administrasiyasının qeyri-insani və irqçi siyasətinin gələcək nəsillərə mirası utanc və şərəfsizlikdən başqa bir şey olmayacaq”, – deyə sözçü bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ı İsrailin törətdiyi hərbi cinayətlərdə əli olmaqda ittiham edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə veto qərarından sonra BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında Yaxın Şərqdə baş verə biləcək hadisələrin inkişafı ehtimallarına toxunub.
“Nə qədər ki, ABŞ sionist rejimin (İsrail) cinayətlərini və müharibənin davam etdirilməsini dəstəkləyəcək, regionda vəziyyətin nəzarətsiz şəkildə partlaması ehtimalı var”, – deyə XİN rəhbəri bildirib.
Bundan əvvəl ABŞ-ın blokadada olan Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyduğu bildirilmişdi.
Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə də daxil olmaqla 90-dan çox ölkə ilə birlikdə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi fövqəladə iclasda nəzərdən keçirilib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü ABŞ səsvermə zamanı veto hüququndan istifadə edib.
Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, sənəddə Fələstinin HƏMAS hərəkatını pisləyən ifadələr yer almaması qəbuledilməzdir və Təhlükəsizlik Şurasının bəzi üzvləri bu məsələdə susqunluq nümayiş etdirirlər.
Bundan əvvəl, dekabrın 6-da BMT-nin Baş katibi Quterreş vəzifədə olduğu müddətdə ilk dəfə səlahiyyətlərindən istifadə edərək BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək, BMT Təhlükəsizlik Şurasına müvafiq məktub göndərib.
Gununsesi.info