
ABŞ-ın “döyüş əməliyyatlarında humanitar atəşkəsə” çağıran bəyanatından sonra İsrail hökuməti hücumların davam edəcəyini və yalnız Qəzza zolağının şimalından mülki şəxslər üçün açdığı dəhlizin fəaliyyət göstərəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, İsrail baş nazirliyi verdiyi yazılı açıqlamada Qəzzada qarşıdurmaların davam etdiyinə diqqət çəkərək “Bütün girovlar azad edilənə qədər atəşkəs olmayacaq” deyib.
Açıqlamada vurğulanır ki, İsrail Qəzza zolağının şimalından cənubuna uzanan və mülki əhalinin cənuba keçməsi üçün açıq olan “təhlükəsiz dəhlizlərə” icazə verib.
Dünən 50 min Qəzzalı dəhlizdən keçdiyinə işarə edilən bəyanatda, Qəzzalıların cənuba doğru hərəkət etməsi çağırışı təkrarlanıb.
İsrailin baş nazirlik ofisindən verilən açıqlama, Ağ Evin İsrailin Qəzza zolağının şimalındakı mülki əhalinin qaçmasına icazə vermək üçün “hücumları gündə 4 saat dayandırmağa” razılıq verdiyi barədə bəyanatından sonra verilib.
Ağ Ev öz bəyanatında “döyüş əməliyyatlarında humanitar fasilədən” bəhs edərkən, İsrail baş nazirinin bəyanatında hərbi əməliyyatlarda heç bir fasilə olmayacağı və yalnız “humanitar dəhlizin” açıq olduğu vurğulanıb.
Gununsesi.info