Tasmaniya pələnginin (həmçinin kisəli qurd və ya tilatsin adlanır) sonuncu olduğu güman edilən videogörüntüləri ortaya çıxıb.
Gununsesi.org CNN-ə istinadən xəbər verir ki, görüntülər Avstraliyanın Milli Kino və Səs Arxivində aşkarlanıb.
Bildirilib ki, videoçarxdakı heyvanın adı Bencamindir. Görüntülərdə o, Avstraliyanın Tasmaniya ştatının Hobart zooparkında qəfəsdə gəzişir.
Məlumata görə, video 1935-ci ilin dekabrında, Bencaminin ölümündən təxminən bir il öncə çəkilib.
Mütəxəssislər üçün bu videoçarx əsl hədiyyəyə çevrilib. Belə ki, kisəli qurdun şəkilləri belə, demək olar ki, qalmayıb.
Qeyd edək ki, Avstraliyaya köçmüş ilk avropalı sakinlər tilatsinləri mal-qaranı qorumaq məqsədilə qırmağa başlayıb. Hələ o çağda Tasmaniya pələnglərinin nəsli kəsilmək üzrə idi.
Tilatsinlər 80 ildir görünmədiyinə görə soyu tükənmiş sayılır. Bir neçə il öncə bu heyvan növünü gördüyünü iddia edən şahidlər olsa da, bu olay öz təsdiqini tapmayıb.
Gununsesi.org
COMMENTS