
Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti “GününSəsi”nin “Rauf Vəliyev “Sabit Orucov”u doğratdırır – Xəzər Dəniz Gəmiçiliyində salamat gəmiləri “metallom” kimi satmaq gəlirli biznesə çevrilib” başlıqlı yazısına reaksiya verib.
Qeyd edək ki, adıçəkilən cəmiyyətdə çalışan bir qrup işçinin müraciəti əsasında dərc edilən materialda Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin salamat gəmiləri istismara yararsız kimi sənədləşdirərək, doğradıb satmasından bəhs olunur.
Qurumun mətbuat xidmətindən Gununsesi.info-nun elektron poçtuna göndərilən açıqlamanı təqdim edirik:
Bu gün Gununsesi.info xəbər saytında “Sabit Orucov” gəmisi haqqında yer alan iddiaların hər hansı əsası yoxdur. Əvvəlcə, qeyd edək ki, adıçəkilən gəmi 40 il bundan əvvəl inşa olunduğundan texniki istismar müddəti başa çatıb.
Gəminin sifarişləri olmadığı üçün yenidən təmir edilərək istismara qaytarılması rentabelli sayılmır. Dövlət mülkiyyətində olduğuna görə gəminin doğranması da dövlətin müvafiq qanunvericilik sənədləri əsasında aparılacaq.
Gəmidə çalışan heyətə gəlincə, bununla bağlı da yazıda qeyd olunan iddialar da tam əsassızdır. Çünki heyət üzvləri müvafiq qaydada digər gəmilərdə işlə təmin olunublar.
Elmar
Gununsesi.info