ABŞ Konqresində Prezident Donald Trampın Qrenlandiya ilə bağlı siyasətinə qarşı narazılıq artmaqdadır.
Gununsesi.info xəbər verir ki, bu narazılıq təkcə demokratlar arasında deyil, eyni zamanda Respublikaçı Partiyanın daxilində də müşahidə olunur.
Respublikaçılar Trampın milli təhlükəsizlik arqumentləri ilə Qrenlandiyanın ABŞ-yə mümkün “birləşdirilməsi” barədə səsləndirdiyi fikirləri təhlükəli və müttəfiqlər üçün alçaldıcı hesab edirlər.
Bir sıra qanunvericilərin fikrincə, bu cür ritorika Vaşinqtonun transatlantik tərəfdaşları ilə münasibətlərinə zərər vura bilər.
Respublikaçı konqresmen Don Beykon Trampın açıqlamalarını “indiyə qədər eşitdiyim ən axmaq şey” kimi dəyərləndirib və xəbərdarlıq edib ki, müttəfiqlərə qarşı bu cür təzyiqlərin davam etməsi impiçment proseduruna gətirib çıxara bilər.
Digər respublikaçılar isə bildiriblər ki, ABŞ-nin Arktikada hərbi mövcudluğunun gücləndirilməsi məsələsi təhdid dili olmadan, müttəfiqlərlə dialoq yolu ilə müzakirə edilə bilərdi.
Bu arada Konqresdə Qrenlandiya ilə bağlı mümkün hərbi ssenarinin qarşısını almaq məqsədilə qanunvericilik təşəbbüsləri də gündəmə gəlib.
Senator Tom Tillisin sözlərinə görə, Qrenlandiyaya qarşı hər hansı güc tətbiqini qadağan edən qətnamənin qəbul edilməsi üçün hər iki partiyanın dəstəyi ilə kifayət qədər səs toplana bilər.
Senator Liza Mərkauski isə bildirib ki, Konqres artıq NATO və Avropa İttifaqı üzrə müttəfiqləri sakitləşdirməyə çalışır. Onun sözlərinə görə, Qrenlandiya ətrafında yaranan gərginlik transatlantik münasibətlərə təsir göstərməyə başlayıb.













