Mədəniyyət Nazirliyi açıqlama verib ki, kitab mükafatı təsis ediləcək. İlk baxışdan möhtəşəm xəbərdir! Amma xəbər yayılan  kimi ədəbi cameəmizdə fərqli, hətta neqativ fikirlər səslənməyə başlayır.

Biri yazır: “Onsuz da saxtakarlıq olacaq!”

O biri deyir: “Dövlət kitaba mükafat verirsə, demək, ədəbiyyatın boğazına ip keçirilib!”

Yəni adamlar elə bilir ki, mükafatı elan edən kimi kimlərsə gəlib kitabların ağzına  senzura yapışdıracaq.  Dövlət vəsait ayıracaq ki, gəl azad yaradıcılıq adı ilə milli mınafeyi tapdalayan əsər yaz! Yəqin ki, bu mövzuda meyarlar, şərtlər də olacaq, məncə də olmalıdır. Azad ədəbiyyat “Daş yuxular” yazmaq ola bilməz.

Halbuki, bir az sakit baxsaq, ortada çox sadə və tarixi bir hadisə dayanır: Azərbaycan tarixində ilk dəfə bu miqyasda bir ədəbiyyat mükafatı təsis olunur.

Sanki hər bir dövlət qrumunun addımını tənqid etməyi özümüzə borc bilirik. Bəzilərinin boynunda “mənim işim bəyənməməkdir” yazısı var və hər vəchlə, hər yerdə bunu biruzə verməyə çalışır. Adam bir yaxşı iş görəni tərifləməli, motivasiya da etməlidir ki, həvəslənsin, daha yaxşısını etməyə çalışsın.

Ədalət naminə deyim: Şəxsən mən (ANAİB sədri olaraq) bu illər ərzində üç nazirə kitab siyasəti ilə bağlı 10 bəndlik təkliflər yazmışam, üz-üzə də müzakirə etmişik. Elə yazarlar, naşirlər – hamımız illərlə bu və bu kimi layihələri istəmişik, tələb etmişik, dilə gətirmişik.

İndi arzumuza bir neçə addım qalmışkən, təşəkkür etmək yerinə, başlamışıq mükafatın başına baltanı dirəməyə. Başa düşürəm, bəzən kiminsə kimdənsə işi keçməyəndə aqressiyasını başqa yerdə çıxarmaq istəyir, amma bu da o məşhur ifadəyə çevrilir: “Gəlin xoşa gəlməyəndə yerişi də adama tap-tap gəlir.”

Adam az qalır, onların əvəzinə kinodakı kimi desin,

“elə səni görməsələr, yaxşıdır…”

Bizim bəzi reaksiyalar təxminən bunun ədəbi versiyasıdır.

Amma bütün səslərin arasından görünən reallıq budur: ən azı 5 yazarın həyatına ciddi şəkildə, maddi və mənəvi toxunuş olacaq.

Nəşriyyatlar hərəkətə gələcək, müəllif cəlb etmək üçün yarış başlayacaq, kitablar tərcümə olunacaq, bəlkə də həmin müəlliflərdən biri dünyada seviləcək, tanınacaq və beləcə ədəbiyyatımız illər sonra ilk dəfə “ayağa qalxıb yeriyəcək”.

Mən, bir yazar və naşir olaraq, bu layihəyə səmimi şəkildə sevinirəm. Əgər bu mükafat gerçəkləşərsə, ədəbiyyatımızda ciddi dönüş nöqtəsi başlayacaq.

Bəli, onu da deyim ki, inamsızlıq bizdə uzun illərin sindromudur. Qırılması çətindir, amma mümkündür. Mən bütün proseslərə pozitiv baxıram və bu səbəbdən də:

Mədəniyyət naziri hörmətli Adil müəllimə, müavini Fərid müəllimə və layihə üzərində çalışan bütün əməkdaşlara təşəkkür edirəm.

Sonda isə kiçik, amma illərin həsrəti olan bir xahişimi, bir daha səsləndirirəm:

Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün illərdir gözlənilən dəstək fondu da yaradılsa, möhtəşəm olar. Çünki dünya ədəbiyyata açılan qapını ancaq bizim tərəfdən döyməklə açmayacaq-bəzən o qapının açarı dövlətin əlində olur. Heç olmasa ildə 100000-lik bir qrant olarsa, bu 10-15 kitabın xarici dillərə tərcüməsi və çapı deməkdir!