Ərdoğanın Şuşaya səfəri bu vacib məqamlarla yadda qalacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ailə üzvləri ilə birgə Azərbaycana səfər edəcəyini açıqladı. Ərdoğan bildirib ki, iyunun 16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə futbol üzrə Avropa çempionatının Türkiyə-Uels üzrə oyununu da izləyəcək. Həmçinin Türkiyə lideri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə də səfər edəcək. Bu səfərin əhəmiyyəti çox böyükdür və Azərbaycan-Türkiyə dostluğunun göstəricisidir.

Bunu Publika.az-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, qardaş Türkiyə ilə Azərbaycanın münasibətləri ən üst səviyyədə qurulub və dünyada ikinci belə bir nümunəvi ölkələr yoxdur: “Dünyada başqa belə iki dövlət yoxdur ki, bu qədər yaxın dost və qardaş münasibətlərində olsun. Hər iki ölkənin dövlət başçıları səviyyəsində əlaqələri, bir-birlərinə müraciətlərində qardaşım deyə xitab etmələri, o cümlədən də iki xalq arasında olan dost, qardaş münasibətlər bütün platformalarda Türkiyə-Azərbaycan əməkdaşlığını daha da möhkəmləndirir. Bu, çox yaxşı məqamdır. Çünki qardaş Türkiyə ilə Azərbaycanın münasibətləri hər zaman üst səviyyədə olub və bundan sonra da bu cür davam edəcək”.

C.Osmanov qeyd edib ki, istər Vətən müharibəsi boyunca, istərsə də ondan sonrakı mərhələdə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyən, siyasi və mənəvi dəstək göstərən ölkə kimi qardaş Türkiyəni yanımızda gördük: “O cümlədən Azərbaycan da bütün platformalarda qardaş Türkiyənin mövqeyini dəstəkləyir və bundan sonra da bu əməkdaşlıq, dostluq, qardaşlıq davam edəcək. Bütün sahələrdə – iqtisadi, siyasi, ticari, mədəni, təhsil, səhiyyə və həyatın bütün sferalarında Türkiyə ilə Azərbaycan arasında mövcud əməkdaşlıqlar daha da dərinləşəcək”.

Deputatın sözlərinə görə, Ərdoğanın Şuşaya səfəri bir çox vacib məqamlarla yadda qalacaq: “Çünki Şuşada R.T.Ərdoğanın iştirakı ilə bir sıra yeni sənədlərin imzalanması ilə bağlı ilkin mesajlar var. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında olan dostluq və qardaşlıq münasibətlərini daha da dərinləşdirəcək bir səfər gözlənilir”.

Gununsesi.info