
Bakının Sabunçu Rayonunun Maştağa qəsəbəsində yerləşən 187 saylı məktəbin direktoru Nailə Məmmədova karantin rejiminə məhəl qoymayaraq, noyabrın 28-də özünə 60 illik yubiley keçirib.
Gununsesi.info xəbər verir ki, direktorun Facebook sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən videolardan görünür ki, məclisdə təxminən 30-a yaxın qonaq olub. Pandemiyanın yüksələn xətt üzrə davam etdiyi günlərdə Nailə Məmmədovanın evində məclis keçirməsi, xüsusən onun yubiley tortunu kəsərkən bir qaşıqdakı tortu bir neçə nəfərə yedizdirməsi sosial şəbəkə istifadəçilərinin ciddi qınağına səbəb olub. COVİD-19-un tüğyan etdiyi günlərdə sanitar qaydaların belə kobud pozulması kim bilir neçə insanın həyatına bais olub.
Direktor eyni zamanda Qarabağı işğaldan azad edən qazilərimizin hüzn mərasimləri günlərində şadlıq məclisi qurduğu üçün ciddi şəkildə qınanıb. Bu addım özünü vətənpərvər kimi qələmə verən Məmmədovanın dəyərlərə sayğısızlığı, ağır mənəvi-psixoloji mərhələdən keçən cəmiyyətimizin problemlərini saya salmaması kimi qiymətləndirilib.
Onu da bildirək ki, Nailə Məmmədova bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “şeir” həsr etməsilə sosial şəbəkə ulduzuna çevrilmişdi. “Aşağı əyar”lı “sənət əsəri” lağ obyektinə çevrilmiş, təhsil müəssisəsinə rəhbərlik edən şəxsin məsuliyyət hissin itirərək özünü toy tamadası kimi aparması qınanmışdı. Nailə Məmmədova 187 nömrəli məktəbə 20 ilə yaxındır rəhbərlik edib.
Bu illərdə onun qanunsuz davranışlarından, xüsusən müəllimlərlə kobud davranışından, özünü reket kimi apararaq həm müəllimlərdən, həm də valideynlərdən davamlı pul tələb etməsindən Təhsil Nazirliyinə dəfələrlə şikayətlər olunub, onun bu hərəkətləri ictimailəşdirilib. Lakin nə Misir Mərdanov, nə Mikayıl Cabbarov dönəmində şikayətlər araşdırılmayıb.
Cəzasızlıq mühitindən yararlanan Məmmədova isə təhsil müəssisəsini şəxsi obyekti kimi “işlətməyə” davam edib. Yeni təhsil naziri Emin Əmrullayev və təhsil nazirliyinin əməkdaşları böyük ehtimalla Nailə Məmmədovanın ən azı son sərgüzəştlərindən xəbərdardırlar.
Facebook sosial şəbəkəsindəki müzakirələr zamanı istifadəçilərin TN-nin səhifəsini və TN əməkdaşlarını işarələmələri belə deməyə əsas verir. Videogörüntülərdə Nailə Məmmədovanın bir direktor üçün son dərəcə dəbdəbəli evi də diqqət çəkir. Maştağa sakinlərinin Gununsesi.info-ya verdiyi bilgiyə görə, Nailə Məmmədova 20 ildir 187 saylı məktəbi talan etməklə yanaşı həm də sələmçidir.
Uzun illərdir ki, qızıl qarşılığında sələmə pul verir. Qeyd edək ki, bu, qanunla qadağan olunan fəaliyyət növüdür. Bundan başqa, Nailə Məmmədova hazırlıq kurslarının sahibidir. Azərbaycan qanunvericiliyi məktəb direktorunun eyni zamanda özəl sektorda çalışmasını da qadağan edir. Ancaq Məmmədovanın “biznes imperiyası” bunlarla məhdudlaşmır. İddialara görə, o toyuq fermasının da sahibidir.
Fermanın məhsullarının əsas və MƏCBURİ alıcıları isə 187 saylı məktəbin müəllimləridir. Hər ay müəllimlərin əmək haqqlarından “pay alan” sələmçi direktor müəllimləri məcbur edir ki, onun fermasından 10 toyuq 50 yumurta alsınlar.
Maştağa kəndinin sakinləri Gununsesi.info vasitəsilə Təhsil naziri Emin Əmrullayevə Azərbaycan təhsilinin, onların ailələrinin belə bir reket-sələmçi direktordan xilas olması üçün müraciət etdiklərini bildirirlər. Gününsəsi.info olaraq, biz də Təhsil Nazirliyinin səslənən iddiaları diqqətlə araşdıracağına ümid etdiyimizi bildiririk. Pandemiya dönəmində yubiley və qanunsuz biznes fəaliyyətinə gəlincə, bu məsələləri yəqin ki, daxili işlər və vergi orqanları araşdıracaq.