Əmircanlıların dam örtüyü problemi - MİS ŞİKAYƏTLƏRƏ BAXMIR

  • By admin
  • 25 Sentyabr 2020 11:18

 

Bakının Əmircan qəsəbəsində yaşayan bina sakinləri adından Gununsesi.info-nun elektron ünvanına şikayət ərizəsi daxil olub.

Tofiq Haqverdiyevin sakinlər adından yazdığı məktubu təqdim edirik: 

 

Diqqətinizə çatdırıram ki, Əmircan qəsəbəsindəki beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən mənzilimizə, ümumi olan dam örtüyündəki zədələrin mövcudluğu səbəbindən yağmurlu havalarda su sızır. Bunun  nəticəsində mənzilimizin tavanı, divarları və döşəməsi korlanır, şəxsi əmlakımıza xeyli ziyan dəyir. Yararsız hala düşən  əmlakımızın bir hissəsini tullamışıq. Yaranmış vəziyyətlə  əlaqədar tədbir görülməyəcəyi təqdirdə bulanıq yağış və əriyən qar sularının aşağı mərtəbələrə axması qaçılmazdır. Əlbəttə ki, buna görə məsuliyyət müraciət etdiyim qurumların üzərinə düşür.

Mən, sözügedən dam örtüyünün təmir olunması üçün  20.06.2020-ci il tarixində  Əmircan qəsəbəsindəki 139 saylı Mənzil- İstismar sahəsinə  zəng vurub,  həmin   qurum rəhbərinin adını və soyadını dəqiqləşdirdim. Elə həmin anda mənimlə danışan şəxs  məndən  “borcunuzu ödəmək istəyirsiniz?”- deyə  soruşdu. Mən isə ona cavab verdim ki, binamızın damının təmir olunması üçün 139 saylı Mənzil- İstismar Sahəsinə ərizə vermək istəyirəm.  Həmsöhbətim  isə mənə dedi ki, borcu olanlardan ərizə qəbul etmirik. Mən ona “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikasının Qanununu  xatırladaraq, qanunsuz danışdığını və mənim ərizəmi qəbul etməməyə onun ixtiyarı olmadığını dedim. O isə  təkrar olaraq, borcu olanlardan ərizə qəbul edilməyəcəyini söylədi. Mübahisə düşməsin deyə, ondan borcumuzun nə qədər olduğunu soruşdum,  ancaq həmsöhbətim  buna cavab verə bilmədi. Belə olan təqdirdə mən  ona “siz heç bilmirsiniz ki, bizim borcumuz var, ya yoxdur, amma borcdan danışırsınız”, -dedim.  Elə həmin gün mən 139 saylı Mənzil- İstismar Sahəsinə gedib, cüzi borcumuzu ödəyib, ərizəmi mühəndis deyilən şəxsə verdim. O, mənə dedi ki, 139 saylı Mənzil-İstismar Sahəsi  vətəndaşlara 4 tol verir, ancaq onu dama vətəndaşların özləri çəkdirirlər. Mən isə ona dedim ki, bu işin görülməsi üçün usta 400-500 manat pul istəyir. O isə  mənə dedi ki, əvvəllər 139 saylı Mənzil-İstismar Sahəsi SOKAR-ın tabeçiliyində olduğundan bu cür işləri görə bilirdi. İndi isə, sözügedən  MİS xüsusi təyinatlıdır və bu səbəbdən də onların ştatında usta yoxdur. Eyni zamanda o, qaydaların bu cür olduğunu bildirdi. Mən ona “siz həmin qaydaları göstərə bilərsinizmi?”-deyə sualla müraciət etdikdə o, dediyini təsdiqlədi.  Bundan sonra  o, mənim ərizəmə telefonla cavab veriləcəyini bildirdi. Mən isə ona dedim ki, zəhmət olmasa ərizəni yazılı şəkildə cavablandırın. Bu günədək həmin ərizəyə cavab verilməyib.

Mən, 139 saylı MİS səlahiyyətlilərinin hərəkətsizliyini, laqeydliyini, saymazlığını görüb  Suraxanı Rayon İcra Hakimiyyətinə elektron qaydada müraciət etdim və onlar da mənim ərizəmi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal İdarəsinə ünvanladılar.  Sözügedən  Mənzil- İstismar İdarəsi isə ərizəmi 139 saylı Mənzil-İstismar  Sahəsinə göndərdi. 139 saylı  Mənzil-İstismar Sahəsindən verilən cavab məktubunda guya binamızın damının tarixi məlum olmayan vaxtda, məzmunu açıqlanmayan hansısa plan əsasında təmir olunacağını bildirdilər. Suraxanı RİH-dən göndərilən ərizəmi bağlamaq üçün 139 saylı MİS-dən verilən bu cür bəsit və düşüncəmə görə həqiqətdən uzaq olan  cavabla razılaşmadığım üçün Bakı Şəhər İcra Hakimiyyətinə elektron şəkildə müraciət etməyə məcbur oldum. Bakı ŞİH-dən mənə ünvanlanan cavab məktubunda ərizəmin  20.08.2020-ci il tarixində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC-yə göndərildiyi bildirildi. Lakin həmin qurumlar tərəfindən bugünədək binamızın hamı üçün ümumi olan dam örtüyünün təmirilə bağlı heç bir iş görülməmiş, həmçinin sözügedən ərizəm cavablandırılmamışdır. Mən də öz növbəmdə 139 saylı Mənzil- İstismar Sahəsinin rəhbərliyinə “nə tökərsən aşına, o da çıxar qaşığına”,- deyib, həmin quruma mənzil haqqının ödənilməsini məqsədəuyğun hesab etmir və ondan soruşmaq istəyirəm ki, əgər doğrudan da, sözügedən MİS çoxmənzilli binaların damını hansısa plan əsasında təmir edirsə, bəs nə üçün onların əvvəlki plan əsasında təmir etdikləri binamızın dam örtüyü növbəti plana  qədər dözməyib vaxtından əvvəl sıradan çıxdı? Belə olacağı təqdirdə nə üçün 139 saylı MİS istismar müddəti plandan-plana olan, lakin vaxtından tez korlanan, qeyd etdiyim damı təmir etmək istəmir və istəyir ki, onun   keyfiyyətsiz işini sakinlər  öz  vəsaiti hesabına bərpa etsinlər?

Mən, yuxarıda qeyd etdiyim və təkcə bizə yox,  daha on mənzilə aid olan beşmərtəbəli binanın  dam örtüyünün təmirilə bağlı müraciət etdiyim 139 saylı Mənzil-İstismar Sahəsinin, həmçinin digər qurumların səlahiyyətlilərinə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönə-dönə vurğuladığı   “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”, –   fikrini  xatırladaraq, onlardan öz vəzifə borclarına məsuliyyətlə, insanlara isə sayqı ilə  yanaşmaqlarını, onların problemlərini həll etmələrini  xahiş edirəm.